Cənubi Koreyada faciəvi sərnişin təyyarəsi qəzası baş verdi
Bölmə: Hadisə › ,Tarix: 16:06 29.12.2024
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş zamanı idarədən çıxması nəticəsində baş verən qəzada ilkin məlumata görə, 122 nəfərin həyatını itirdiyi bildirilib.
Cənubi Koreyanın Yonhap xəbər agentliyinə əsasən, Jeju Air aviaşirkətinə məxsus təyyarə paytaxt Seulun 288 kilometr cənub-qərbində yerləşən Muan şəhərinin Musan Beynəlxalq Hava Limanına eniş zamanı qəza edib.
Eniş zamanı idarəni itirərək uçuş-enmə zolağından çıxan təyyarə, hava limanını əhatə edən divara çırpılaraq partlayıb. İlkin məlumatlara görə, qəzada 122 nəfər həyatını itirib.
Rəsmilər qəzaya təyyarənin eniş mexanizmindəki nasazlığın səbəb olduğunu, birinci cəhddə eniş mexanizmi açılmayan təyyarənin məcburi eniş zamanı qəzaya uğradığını bildiriblər.
Milli televiziyalarda yayımlanan görüntülərdə təyyarənin gövdəsi üzərində zolağa enməyə çalışdığı, lakin sürətini azalda bilməyərək zolağın sonundakı divara çırpıldığı görünür.
179 NƏFƏRİN HƏYATINI İTİRDİYİ TƏXMİN EDİLİR
Yanğınsöndürmə dəstələri, böyük hissəsi yanaraq məhv olmuş təyyarədəki yanğını söndürərək 1 sərnişin və 1 ekipaj üzvünü xilas edib. 181 nəfər daşıyan təyyarədə qalan 179 nəfərin həyatını itirdiyi təxmin edilir.
Bir yanğınsöndürmə rəsmisi təyyarənin divara çırpılmasından sonra sərnişinlərin sağ qalma şansının az olduğunu vurğulayaraq, "Təyyarə demək olar ki, tamamilə məhv olub, həyatını itirənləri müəyyənləşdirmək çətindir. Qalıqların araşdırılması vaxt alacaq",- deyib.
Bangkok-Muan reysini yerinə yetirən təyyarədəki 175 sərnişin və 6 ekipaj üzvündən 2-sinin Tayland vətəndaşı, digərlərinin isə Cənubi Koreya vətəndaşı olduğu qeyd olunub.
Ölkədə dövlət naziri və baş nazir haqqında davam edən impiçment prosesləri səbəbindən hər iki vəzifəni icra edən Maliyyə Naziri Choi Sang-mok, qəzanın ardından hava limanına gedərək xilasetmə işləri üçün bütün səylərin səfərbər olunması göstərişini verib. Qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verən Choi, hökumətin mümkün olan bütün yardımı göstərəcəyini vurğulayıb.
Prezident Aparatında Baş Katib Chung Jin-sukun rəhbərliyi ilə müvafiq şöbələrin katiblərinin iştirakı ilə fövqəladə iclas keçirilib.
Polis rəisinin vəzifəsini icra edən Lee Ho-young, polis qüvvələrinə bütün imkanları səfərbər edərək yanğınsöndürmə və digər qurumlarla əməkdaşlıq göstərişi verib.
Jeju Air İcraçı Direktoru (CEO) Kim E-bae, qəzanın ardından etdiyi üzrxahlıq açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və zərərçəkənlərin yaxınlarına hər cür dəstək göstərəcəklərinə söz verib.
Mənbə: haber7
Aygün Babayeva