Mikroplastiklərin təbiətə və insanlara təsiri-Ekoloq AÇIQLAYIR

Tarix: 19:29 27.01.2025
"Mikroplastiklər, ölçüsü 5 mm-dən kiçik olan plastik hissəciklərə verilən ümumi addır. Bu hissəciklər əsasən plastik tullantıların parçalanması, yandırılması və ya sənaye prosesləri nəticəsində yaranır və təbiətdə geniş yayılaraq ətraf mühitə və insan sağlamlığına ciddi zərər yetirir".
Bu sözləri "informator.az"a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar söyləyib. Ekoloq mikroplastiklərin Azərbaycanın su və torpaq ekosistemlərinə vurduğu zərərlərdən də bəhs edib:
"Mikroplastiklər plastik tullantıların təbiətdə uzun müddət qaldıqda parçalanması nəticəsində formalaşır. Günəş radiasiyası, temperatur dəyişiklikləri və digər xarici amillər nəticəsində plastiklər mikrozərrəciklərə parçalanır. Bu zərrəciklər təbiətdə tamamilə itmir, əksinə, uzun illər ərzində ətraf mühitdə qalır. Bəzi tədqiqatlara görə, mikroplastiklər təbiətdə 2000 ilə qədər mövcudluğunu qoruyaraq zərər yetirməyə davam edə bilər. Tullantıların yandırılması da mikroplastiklərin atmosferə yayılmasına səbəb olur. Yanan plastiklər qurum və ya mikroskopik hissəciklər şəklində havaya qarışır və geniş ərazilərə yayıla bilir. Beləliklə, bu hissəciklər hava, torpaq və su ekosistemlərində yayılaraq ciddi ekoloji problemlər yaradır. Mikroplastiklər su hövzələrində yığıldıqda balıqlar və digər su canlıları tərəfindən udulur. Bu, həmin canlıların həzm sistemində problemlər yaradır, qida zəncirində toksik maddələrin yayılmasına səbəb olur. Mikroplastiklərin toksik maddələri özünə çəkmə qabiliyyəti su canlılarının sağlamlığını və biomüxtəlifliyi ciddi şəkildə təhlükə altına alır. Torpağa qarışan mikroplastiklər onun strukturunu dəyişdirir, su keçiriciliyini və məhsuldarlığını azaldır. Mikroplastiklər pestisidlər və gübrələrlə birləşərək bitkilərin inkişafına mane olur və kənd təsərrüfatı məhsullarının ekoloji təmizliyinə ciddi təsir göstərir. Mikroplastiklər torpaqda olan bitkilər tərəfindən udularaq yarpaqlara, gövdəyə və meyvələrə daxil olur. Nəticədə, ekoloji təmiz məhsulların istehsalı mümkünsüzləşir".
Ekspert bildirib ki, mikroplastiklər su, hava və qida vasitəsilə insan orqanizminə daxil olaraq ciddi sağlamlıq riskləri yaradır:
"Bu proses həzm sistemi pozuntuları, iltihabi reaksiyalar və bağırsaq mikroflorasının dəyişməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Mikroplastiklərin səthində toksik maddələrin, ağır metalların və pestisidlərin yığılması onların insan orqanizmində hormonal balanssızlıqlar, qaraciyər və böyrək funksiyalarının pozulması, həmçinin allergik reaksiyalar yaratmasına səbəb olur. Mikroplastiklərin ətraf mühitə və sağlamlığa vurduğu zərərlərin azaldılması üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Fərdi səviyyədə plastik tullantıların azaldılması, təkrar istifadə olunan materiallardan istifadə edilməsi və mikroplastik tərkibli məhsullardan imtina bu istiqamətdə atılacaq mühüm addımlardır".
Cəmşid Bəxtiyarın sözlərinə görə, ictimai səviyyədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, mikroplastiklərin təsirləri barədə məlumatlandırma və təmizləmə aksiyaları mühüm əhəmiyyət kəsb edir:
"Qanunvericilik səviyyəsində mikroplastiklərin istifadəsini məhdudlaşdıran tədbirlər qəbul edilməli, plastik torbaların istifadəsi alternativ materiallarla əvəz olunmalıdır. Həmçinin, plastik tullantıların təmizlənməsi və utilizasiyası üçün yeni texnologiyalar tətbiq edilməli, kənd təsərrüfatı və sənayedə mikroplastiklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Nəticədə, mikroplastiklərin təsirini azaltmaq üçün həm fərdi, həm də cəmiyyət səviyyəsində koordinasiyalı fəaliyyət tələb olunur. Bu problemin həlli üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi yalnız ətraf mühitin mühafizəsinə deyil, həm də insanların sağlamlığının qorunmasına töhfə verəcəkdir".
Fatimə Abdulrəhimli