Külli miqdarda balıq kürüsü və narkotik maddənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bölmə: Hadisə › ,
Tarix: 15:36 03.11.2015

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Mahmudzadə Hüseyn Nazim oğlu gömrük nəzarətindən yaşıl kanalla keçərkən qanunvericiliyə uyğun olaraq onun əl baqajına roentgen aparatı vasitəsi ilə baxış keçirilib.

DGK-nın mətbuat xidmətinin yaydığı məlumata əsasən, baxış zamanı gömrükçülər monitorda çoxlu sayda müxtəlif formal qablarda qablaşdırılan kürüyə oxşar maddə müşahidə edib.   Bundan sonra həmin çantada yoxlama aparılıb və oradan gömrük nəzarətinə təqdim olunmayan 40 ədəd müxtəlif ölçülü qablarda qablaşdırılan qara və qırmızı rəngli balıq kürüsü aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə də aşkar edilən qaçaqmalçılıq predmeti kustar üsulla hazırlanan, 19 kiloqram 210 qramı qara,  0.995 kiloqramı isə qırmızı rəngli olmaqla, ümumi xalis çəkisi  20 kiloqram 205 qram olan  “nərə” cinsli balıq kürüsüdür.

Hava Nəqliyyatında Baş Gömrük  İdarəsinin əməkdaşları Sankt Peterbur-Bakı aviareysi ilə gələn sərnişindən isə  72 qrama qədər narkotik maddə aşkar edərək götürüb.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehtioğlu gömrük nəzarətindən keçdikdən sonar saxlanılmış,  müvafiq qanun vericiliyə uyğun şəkildə üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə - metadon aşkar olunmuşdur.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.