Zelenski təhlükəsizlik və investisiya razılaşmasına hazırdır

Tarix: 20:20 24.02.2025
Ukrayna lideri Volodimir Zelenski Kiyevdə ABŞ-nin prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra bildirib:
“Biz döyüş meydanındakı vəziyyəti, bütün məhbuslarımızı necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik zəmanətlərini ətraflı müzakirə etdik… Ukrayna ABŞ prezidenti ilə investisiyalar və təhlükəsizlik üzrə razılaşmaya hazırdır”.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, ilk növbədə atəşkəs və sülh prosesindən sonra Ukraynanın gələcəyi düşünülməlidir:
“İtirilən torpaqlar, torpaqlara kimin nəzarət etməsi, minlərlə əsirin qaytarılması, Ukraynanın təhlükəsizlik zəmanəti məsələsi prioritet hesab olunur. ABŞ-nin yardımları Avropanı ciddi narahat edir. Çünki ABŞ-nin əsas məqsədi Rusiyanı Çin qarşısında gücləndirmək, Rusiyanı iqtisadi cəhətdən Çinin əlavəsinə çevirmək və onu Qərb tərəfə yönləndirmək istəyidir”.
Politoloq bildirib ki, ABŞ və Rusiya arasında görüş nəzərdə tutularsa, atəşkəsi yaxın zamanda gözləmək mümkün ola bilər, amma bu görüşün baş tutacağı dəqiq məlum deyil:
“Zelenski fevralın sonuna kimi ABŞ-nin və Rusiyanın təzyiqlərinə dirəniş göstərə bilsə, ABŞ-Ukrayna anlaşması daha çox Ukraynanın mənafeyinə uyğun olacaq. İnvestisiyanın imzalanması Ukraynanın yeni quruculuğunda əhəmiyyətli rol oynayacaq. O, belə bir plan olarsa, bunun II Dünya müharibəsindən sonra həyata keçirilən Marşal planına bənzəyə biləcəyini və zamanla Ukraynanın dirçələcəyini bildirib. Rusiya Ukrayna ilə yox, NATO ilə döyüşdüyünü iddia edir. Əgər Rusiya Ukrayna üzərində qalib elan edilərsə, bu hal NATO üzərində qalibiyyət hesab ediləcək. O zaman artıq Rusiyanı heç bir dövlət dayandıra bilməz”.
Asiman Vəliyeva