“Azərbaycan öz siyasi iradəsini dünyaya qəbul etdirib” -Cahangir Məmmədli

Tarix: 21:04 24.02.2025
Bu gün dünya təşkilatları Azərbaycanı müstəqil dövlət kimi qəbul edirlər.
Bu fikirləri “informator.az”a açıqlamasında Bakı Dövlət Universitetinin Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib:
“Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı ölkəni beynəlxalq aləmdə tanıtmaq və öz sözünü dünyaya çatdırmaq baxımından çox vacibdir. Həmçinin, bu əməkdaşlıq müstəqilliyini sübut etmək və digər dövlətlərin Azərbaycana münasibətini öyrənmək üçün də əhəmiyyətlidir”.
Professorun sözlərinə görə, Azərbaycan bu sahədə ciddi fəaliyyət göstərir:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq təşkilatlarla münasibətləri yüksək səviyyədə qurub. Bu münasibətlərin nəticəsidir ki, Azərbaycan dünya təşkilatlarında təmsil olunub, özünü dünyaya tanıdıb, siyasi iradəsini qəbul etdirib”.
C.Məmmədli bildirib ki, bu gün dünya təşkilatları Azərbaycanı müstəqil dövlət kimi qəbul edirlər:
“ATƏT-in Azərbaycanla əməkdaşlıq fəaliyyəti məndə ciddi narahatlıq yaradır. Bu təşkilat Azərbaycan-Ermənistan münasibətlərində Ermənistanın Azərbaycana təcavüzünü obyektiv qiymətləndirməyib”.
C.Məmmədli sonda əlavə edib ki, Avropa ölkələrinin çoxunun birləşdiyi bu qurum daim Ermənistana dəstək verib və verməkdə davam edir:
“Ona görə də düşünürəm ki, bu ölkələr içində Azərbaycanın inkişafını və siyasi istiqamətini tanımaq istəməyənlər var. Amma Macarıstan, Çexiya kimi ölkələr Azərbaycanın müstəqil siyasətini yüksək qiymətləndirir. Azərbaycan bütün sahələrdə olduğu kimi, ATƏT-lə münasibətlərdə də öz müstəqilliyini qoruyub və qorumaqda davam edir”, - deyə professor yekunlaşdırıb.
Aysel Mübarizqızı