Trampın hakimiyyəti təhlükə altında-VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILACAQMI?

Tarix: 20:06 26.02.2025
ABŞ Prezidenti Donald Trampın ikinci dəfə vəzifəyə gəldiyi qısa müddətdə verdiyi radikal qərarlar və yeni hökumət üzvlərinin səsləndirdiyi fikirlər ölkədə, eləcə də Avropada və bütün dünyada ciddi narazılığa səbəb olub.
Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Kazım Kazımov bildirib:
“Bəzi ekspertlər Trampın bu şəkildə davam edərsə, yaxın iki ildə səlahiyyət müddəti tamamlanmadan hakimiyyəti itirə biləcəyini qeyd edirlər. Lakin açığı, ABŞ prezidentinin yaxın zamanda hakimiyyətini itirəcəyinə və ya yarıda qoyacağına inanmıram”.
Politoloq bunun səbəbini Donald Trampın kifayət qədər yüksək reytinqlə hakimiyyətə gəlməsində görür:
“Bu gün populyarlığı getdikcə artır və Amerikada yüksək təbəqənin də onu dəstəklədiyi görünür. Bundan əlavə, bu gün Senatın hər iki palatasında onun partiyası olan Respublikaçılar çoxluqdadır”.
K.Kazımov sonda əlavə edir ki, bu çoxluğun olduğu dövrdə demokratların prezidentə qarşı heç bir impiçment həyata keçirmə şansı yoxdur:
“İmpiçment olmayacağı təqdirdə isə heç kim Trampı hakimiyyətdən uzaqlaşdıra bilməz. Trampın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı suallar əvvəllər də yayılmışdı. Lakin, o zaman da hakimiyyətdə qalmağı bacarmışdı. Mən hesab edirəm ki, indiki vəziyyəti əvvəlkindən daha da möhkəmdir. Xüsusi fövqəladə bir hadisə baş vermədiyi müddətcə, o, hakimiyyətdə qalmağa davam edəcək”, - deyə o, yekunlaşdırıb.
Laləzər Məmmədova