Türkiyə, Rusiya və Ukrayna münaqişəsində sülhün açarı olacaqmı?-ŞƏRH

Tarix: 20:17 26.02.2025
Türkiyənin Rusiya və Ukrayna münaqişəsində ən ideal vasitəçi olma ehtimalı çox yüksəkdir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Oktay Qasımov bildirib. Onun sözlərinə görə, münaqişə başladığı gündən bəri həm Ukrayna, həm də Rusiya ilə normallaşan münasibətləri olan ölkə məhz Türkiyədir:
“2022-ci ilin martında İstanbulda tərəflərin görüşünü təşkil etməklə, yeni qərarların alınmasına şərait yaradıb. Lakin sonradan baş verən bəzi kəskin müdaxilələr səbəbindən bu proses çətinləşib. Bundan əlavə, Türkiyənin BMT ilə birgə Taxıl Dəhlizi məsələsini həll etməsi də olduqca böyük və əhəmiyyətli bir addım idi”.
Politoloq bildirir ki, hazırda da Türkiyənin bu prosesə qatılması mümkündür:
“Bir müddət əvvəl Türkiyə və Ukrayna prezidentləri Ankarada 3 saatlıq danışıqlar aparıb və Ukraynanın ərazi bütövlüyünü bir daha dəstəklədiklərini bəyan ediblər. Bununla yanaşı, Rusiya xarici işlər naziri Sergey Lavrov da Türkiyədədir”.
Oqtay Qasımov sonda əlavə edir ki, müzakirə olunacaq məsələlərin başında Ukrayna məsələsi olacaq:
“Bu mərhələdə, Amerika və Rusiya üçüncü tərəfin müdaxiləsini istəməyə bilər. Lakin, bütün bunlara baxmayaraq, Türkiyənin bu prosesə daxil olmasının regiona müsbət təsir edə biləcəyini düşünürəm. Hal-hazırda bu, çox real görünməsə də, gələcəkdə Türkiyənin bu prosesdə iştirak etməsi mümkündür”, - deyə o, yekunlaşdırıb.
Laləzər Məmmədova