Bitki çayında təhlükə-E. coli bakteriyası aşkarlandı

Tarix: 22:06 05.03.2025
Azərbaycanda satışda olan bitki çaylarının birində insan sağlamlığı üçün təhlükəli hesab edilən E. coli bakteriyası aşkarlanıb. Bu hadisə qida təhlükəsizliyi qaydalarına nə qədər əməl olunduğu sualını gündəmə gətirir. Bəs E. coli-nin çayda aşkar olunması nə ilə əlaqədar ola bilər?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bitki çaylarında E. coli bakteriyasının aşkarlanması ciddi təhlükədir:
“Nəzərə almaq lazımdır ki, bitki çaylarında E. coli bakteriyasının tapılması həmin məhsulun təhlükəli olduğunu göstərir. Ölkə ərazisinə daxil olan bütün qida məhsulları kimi bitki çayları da mütləq laborator analizlərdən keçir. Əgər məhsul əhalinin sağlamlığı üçün hər hansı təhlükə yaradırsa, onun satışına icazə verilmir. Bitki çaylarında aparılan analizlər və aşkarlanan bakteriyalar da bunu sübut edir. E. coli bakteriyasının çayda aşkarlanmasının müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, bitki çayının hazırlanması, saxlanması və emalı zamanı sanitar-gigiyena qaydalarına düzgün əməl olunmayıb. Eyni zamanda, həmin bitkinin yetişdirilməsində istifadə olunan suyun keyfiyyətsiz və çirklənmiş olması da bu bakteriyanın yaranmasına səbəb ola bilər. Bu qaydalara düzgün əməl olunmadıqda, E. coli bakteriyasının çayda olması qaçılmazdır.Bu bakteriyanın olduğu qida və ya çay istehlak edildikdə insan sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Xüsusilə zəif immun sisteminə malik insanlarda mədə-bağırsaq problemləri, infeksiya, qarın ağrısı, ishal, qusma, yüksək temperatur, görmənin zəifləməsi kimi əlamətlərlə özünü göstərə bilər. Ağır hallarda bağırsaq çatları və qanaxmalarına da səbəb ola bilər. Bu səbəbdən, E. coli bakteriyasının olması ciddi təhlükə hesab edilir. Bundan əlavə, paketlənmiş çayların əksəriyyətinin üzərində "bitki mənşəli" yazılsa da, bu, onların tamamilə təbii olması demək deyil. Çayların uzun müddət saxlanması üçün kimyəvi maddələrdən, konservantlardan istifadə olunur. Xüsusilə emal prosesi zamanı çayın təbii qoxusunun itməməsi üçün əlavə edilən aromatizatorlar və dadlandırıcılar onun təbii xüsusiyyətlərini dəyişir. Paketlənmiş çayların istehsalında istifadə olunan plastik materialların tərkibində mikroplastik hissəciklər olur. Bu hissəciklər qaynar su ilə reaksiyaya girərək çayın tərkibinə keçə bilər. Mikroplastiklərin orqanizmdə yığılması hüceyrə balansına təsir edərək yeni hüceyrələrin yaranmasına mane olur. Bundan başqa, çaylarda olan kimyəvi qatqılar bir çox insanlarda allergik reaksiyalar, səpkilər, qızartılar və üz nahiyəsində şişkinliklər yarada bilər. Eyni zamanda, çayların düzgün saxlanmaması, rütubətli yerlərdə qalması və ya qurudulma prosesinin düzgün aparılmaması mikrobial riskləri artırır ki, bu da müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
Bütün bu səbəblərə görə, istehlakçılar paketlənmiş çaylardan daha çox təbii bitki çaylarına üstünlük verməlidirlər. Əgər paketlənmiş çay alırlarsa, etibarlı istehsalçıların məhsullarına üstünlük verməli, çayın etiketindəki tərkib və hazırlanma prosesi ilə bağlı məlumatları diqqətlə oxumalıdırlar. Həqiqətən təbii və orqanik çay almaq istəyənlər məhsulun üzərində orqanik sertifikatın və ya istehsalına dair digər sertifikatların olub-olmadığını yoxlamalıdırlar”.
Məhsəti Hüseynova bildirib ki, istehlakçılar məhsul seçimində diqqətli olmalıdırlar:
“İstehlakçılar məhsul seçimində daha diqqətli olmalı və keyfiyyətə üstünlük verməlidirlər. Bitki çayları sağlamlıq üçün faydalı hesab edilsə də, onların düzgün seçilməsi və saxlanılması vacibdir. Təəssüf ki, bəzi istehsalçılar keyfiyyətsiz xammaldan istifadə edir və məhsullar lazımi sanitar-gigiyena qaydalarına uyğun şəkildə hazırlanmadıqda, bu, ciddi təhlükəyə çevrilir. Xüsusilə, E. coli kimi bakteriyalar insan sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Buna görə də, istehlakçılar etibarlı istehsalçılara üstünlük verməli, məhsulun sertifikatlaşdırılmasına diqqət yetirməlidirlər. Paketlənmiş çaylar alarkən tərkibində sintetik qatqılar, aromatizatorlar və konservantlar olmayan məhsulları seçmək məsləhətdir. Təbii bitki çayları paketlənmiş məhsullara nisbətən daha sağlam seçimdir. Çünki onların tərkibi əlavə maddələrdən uzaq olur və saxlanma şəraitindən asılı olaraq mikrobioloji risklər daha azdır. Əgər istehlakçılar paketlənmiş çay alırlarsa, məhsulun etiketini diqqətlə oxumalı və orqanik sertifikatının olub-olmadığını yoxlamalıdırlar”.
Mehriban Nəsibova

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.