Dissosiativ şəxsiyyət pozğunluğu-Bir insan necə bir neçə şəxsiyyətə sahib ola bilər?

Tarix: 21:15 06.03.2025
"Dissosiativ şəxsiyyət pozğunluğu psixiatrik xəstəlik olub, fərdin iki və ya daha çox fərqli şəxsiyyət və ya kimliyə sahib olması ilə xarakterizə olunur".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Zeynəb Əyyubova söyləyib. Psixoloq DID-in adətən hansı yaş dövrlərində və hansı insanlarda daha çox müşahidə olunmasından da bəhs edib:
"Bu şəxsiyyətlər müxtəlif yaş, cinsiyyət, davranış və hətta aksentlərə sahib ola bilər. DID keçmişdə “çoxlu şəxsiyyət pozğunluğu” kimi tanınırdı və əsasən ağır travmatik təcrübələrin nəticəsi kimi inkişaf edir. Bu şəxsiyyətlər arasında keçid zamanı yaddaş itkisi (amneziya) və fərqli davranışlar, danışıq tərzi və emosional reaksiya müşahidə olunur. Həmçinin, depersonalizasiya, yəni öz bədəninə və ya duyğularına yad hiss etmək, və ətraf mühitin qeyri-real görünməsi kimi simptomlar da ortaya çıxa bilər. Bu vəziyyət, narahatlıq, depressiya və intihar meyllərinə də səbəb ola bilər. DID, əsasən uşaqlıq dövründə, xüsusilə dəfələrlə emosional, fiziki və ya cinsi zorakılıq kimi ağır travmalar yaşamış insanlarda inkişaf edir. Beyin, müdafiə mexanizmi olaraq dissosiasiyadan istifadə edir, bu da fərqli şəxsiyyətlərin formalaşmasına səbəb olur. DID hər iki cinsdə müşahidə olunsa da, qadınlarda daha çox rast gəlinir".
Zeynəb Əyyubovanın sözlərinə görə, filmlər və seriallar DID-i adətən dramatik və sensasiyalı şəkildə təsvir edir:
"Ən çox yayılan miflərdən biri DID-i olan insanların təhlükəli olmasıdır. Əslində, bu insanlar adətən başqalarına qarşı deyil, özlərinə qarşı daha çox zərərverici davranışlar göstərirlər. Digər bir yanlış təsəvvür isə şəxsiyyətlər arasında ani və teatrvari dəyişikliklərin olmasıdır. Reallıqda bu keçidlər daha incə və tədrici şəkildə baş verir. DID-in diaqnozu və müalicəsi uzunmüddətli terapiya tələb edir. Müalicədə əsas məqsəd fərqli şəxsiyyətlərin inteqrasiyasına və travma ilə sağlam şəkildə baş etməyə kömək etməkdir".
Fatimə Abdulrəhimli

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.