Sürətli çəki atmaq istəyənlər arasında müxtəlif pəhrizlər

Bölmə: Sosial › ,
Tarix: 23:15 06.03.2025

Sosial şəbəkələrdə və internetdə yayılan “sürətli arıqlama üsulları” insanları cəlb etsə də, onların çoxu elmi əsaslara söykənmir və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında dietoloq Məhəmməd Abdullayev bildirib ki, insan sağlamlığının populyar olmadığı yerdə heç bir populyar pəhrizdən söhbət gedə bilməz:

 

“Təməldə insan sağlamlığını qoruyan addımlar atılmalıdır. Karbohidratların menyulardan çıxarılması bədənin enerjisiz qalması deməkdir. Karbohidratlar orqanizmin ən vacib enerji mənbələrindən biridir. Sadə karbohidratları – mürəbbələr, şəkərlər, xəmir məmulatları və s. – menyudan çıxara bilərik. Lakin onların yerini kompleks karbohidratlarla doldurmaq mütləqdir. Bunlar tərəvəzlər və meyvələrdir, çünki onların tərkibində orqanizm üçün vacib olan kompleks karbohidratlar mövcuddur.

 

Ümumiyyətlə, karbohidrat və yağ qəbulunu tamamilə dayandırmaq olmaz. Yağlar hormonal balansı qoruyur. Həm yağların, həm də karbohidratların məhdudlaşdırılması enerji mübadiləsinin pozulmasına gətirib çıxaracaq. Yağların minimallaşdırılması hormonal problemlərə səbəb ola bilər. Xüsusilə kişilərdə steroid hormonlarının disbalansı müşahidə ediləcək. Bundan əlavə, əzələ atrofiyası yaranacaq, əzələlər zəifləyəcək və nəticədə metabolizm ləngiyəcək. Bədən platoya daxil olub çəki itirmə prosesini yavaşıdacaq”.


Əsmər Bəşirova