Müasir valideynlərin övladlarının təhsilinə təsiri: Dəstək yoxsa təzyiq?

Bölmə: Sosial › ,
Tarix: 20:23 07.03.2025

 

 

Müasir dövrdə valideynlərin övladlarının təhsilinə yanaşması fərqlidir. Bəziləri uşaqlarına tam sərbəstlik verərək onların öz istəklərinə uyğun seçim etməsinə imkan yaradır, digərləri isə yüksək gözləntilərlə onları daha çox çalışdırmağa çalışır. Bu yanaşmaların hər birinin öz üstünlükləri və çatışmazlıqları var. 

 

Bu barədə təhsil eksperti Elçin Muradov "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, valideynlər uşaqların potensial imkanına baxmadan onu hansısa bir sahəyə yönəltmək istəyirlər:

 

"İstər şagirdin abituriyent zamanı olsun, istərsə də tələbə olmaq üçün addım atdığı zaman, yəni ixtisas seçimi zamanı, valideynlərin əksəriyyəti abituriyent üzərində təzyiq göstərir. Bu, bəzən müsbət, amma çox vaxt da mənfi nəticələrə yol açır. Belə ki, valideyn övladının potensial imkanlarına baxmadan onun mühəndis, həkim, hüquqşünas və s. olmağını istəyir. Lakin uşaqla tanış olduğumuz zaman görürük ki, bu deyilənlər o abituriyent üçün deyil. Onun savadı və potensialı bunu ödəmir. Belə olan halda da abituriyent həvəsdən düşür və ümumiyyətlə, oxumaq barədə bir düşüncəsi olmur. Və ya başqa bir nümunədə baxırıq ki, abituriyent valideynin istəyi üzrə təhsilini başa vurub, bitirəndən sonra onu tamam fərqli bir sahədə görürük və diplom onun üçün sadəcə kağız parçasına çevrilir. Bir başqa nümunədə isə valideynin dünyagörüşünün artıq olduğunu, övladı üçün doğru bir yol seçdiyini görə bilirik".

 

Ekspertin sözlərinə görə, belə anlaşmazlıqların yaranmaması üçün valideyn övladının fikirlərinə qulaq asmalıdır:

 

"Bütün bu anlaşmazlıqların doğru istiqamət ala bilməsi üçün valideyn övladı ilə daha çox dost olmağı bacarmalıdır, övladının fikirlərini öyrəndikdən sonra onunla uzun-uzadı söhbətlər aparmalıdır, fikri doğrudursa dəstəkləməli, doğru deyilsə, ona ən yaxşısını və ən doğrusunu münasib bir dillə izah etməlidir. Belə bir formalaşma yarada bilsək, çox gözəl bir nəslin yetişməsinə səbəbkar ola bilərik deyə düşünürəm".

 

Nuray Qurbanlı



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.