Ermənistanın İstefası və Sülh Müqaviləsi Maneələri

Bölmə: Siyasət › ,
Tarix: 21:16 11.03.2025

 

"168.am" məlumatına görə, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi başda olmaqla, bütün aparat heyəti istefa verib. İstefanın səbəbi isə İrəvanın bütün beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaları geri çəkmək istəməsi olub. Aparat heyəti əvvəlcə müqavimət göstərsə də, Paşinyan bunun Bakının tələbi olduğunu, əks halda sülh müqaviləsinin imzalanmayacağını və başqa yolun olmadığını bildirib.

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, əslində, Ermənistan tərəfinin sülh sazişinin razılaşdırılmayan maddələrində addımlar atması sülh sazişinin tez imzalanmasına təkan verə bilər:


"Rəsmi səslənməsə də, qeyri-rəsmi səslənmələrə görə, bu istefanın əsas səbəbi Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaları geri çəkməsidir ki, məhz bu maddə sülh sazişi layihəsində razılaşdırılmayan iki maddədən biridir. Azərbaycan dəfələrlə bildirib ki, sülh sazişinin hər iki maddəsi razılaşdırılmalıdır. Paşinyanın da bəyanatı bu yöndə olub ki, Ermənistan Azərbaycana qarşı beynəlxalq iddialardan geri çəkilməyə hazırdır və görünən odur ki, Paşinyanın beynəlxalq məsələlərlə məşğul olan ofisi bu məsələyə qarşı çıxmış və istefa vermişdir. Halbuki, Paşinyan ofisindən məlumat verildi ki, bir ilə yaxın idi ki, onların fəaliyyətinə xitam veriləcəyi bilinirdi, sadəcə bu proses martın 6-da rəsmiləşmiş oldu. Əslində, Ermənistan tərəfinin sülh sazişinin razılaşdırılmayan maddələrində addımlar atması sülh sazişinin tez imzalanmasına təkan verə bilər. Çünki burada prosesin sürətlənməməsinin əsas səbəbkarı da məhz Ermənistandır. Lakin digər maneələrdə hələ də qalmaqdadır. Baxmayaraq ki, onlar sözdə bir çox fikirlər söyləsələr də, əməldə real addımlar atmırlar. Digər tərəfdən, Ermənistan konstitusiyasının dəyişilməsi 2027-ci ildən əvvəl baş verəcəyi gözlənilmir. Şərti sərhəddə Aİ müşahidə missiyasının yer alması iki il müddətinə uzadıldı, bunlar da sülh sazişinin imzalanmasına maneədir. Maneələrdən biri də Ermənistan tərəfinin silahlanmasıdır. Fransa, Yunanıstan və Hindistandan silahların alınmasıdır. Ermənistanın sülh ritorikasına Azərbaycanda skeptisizmlə yanaşılır, çünki sülh istəyən dövlət bu qədər silahlanmamalıdır. Yəni, Ermənistanda hazırda baş verənlər və Paşinyanın beynəlxalq məhkəmələrlə bağlı məlumatları ən azından Ermənistanın bu iddialardan geri çəkilməyə hazır olduğunu nümayiş etdirir. Amma iddialardan Ermənistan geri çəkilsə belə, bu razılaşdırılmayan iki maddədən birinin razılaşdırılması olur və bir maddə yenə də qalır. Digər tərəfdən, Ermənistanın militarizasiyası və konstitusiyalarında Azərbaycana qarşı ərazi iddialarının olması sülhə əngəl olan amillərdir. Eskalasiya ehtimalı gündəmə gələ bilər. Nəzərə alsaq ki, Ermənistanda revanşist əhval-ruhiyyə səngimir, militarizasiya baş verir. Bütün bunların fonunda şərti sərhəddə təxribatlar baş verməkdədir. Bunlar Cənubi Qafqazda növbəti eskalasiyanın baş verəcəyini istisna etmir".

 

Günel Verdiyeva