Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb

Tarix: 21:35 11.03.2025
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.
Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.
Mövzu ilə bağlı politoloq Kazım Kazımov "informator.az"a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Azərbaycan və İngiltərə münasibətləri uzun tarixi köklərə dayanır:
"Azərbaycan və İngiltərə arasındakı münasibətlər hər zaman yaxşı olub. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Böyük Britaniyadır. 1991-ci ilin dekabr ayının sonunda Britaniya Azərbaycanın müstəqilliyini tanıyıb. Həm Ulu Öndərin dövründə, həm də cənab Prezidentin dövründə əlaqələr uğurla inkişaf edib. Bunun ən bariz nümunələrindən biri Azərbaycan iqtisadiyyatında strateji əhəmiyyətə malik olan neft sektorunda qarşılıqlı əməkdaşlıqdır. Eyni zamanda, COP29 tədbirləri çərçivəsində Böyük Britaniyanın baş nazirinin Bakıya səfəri də bu əlaqələrin inkişafına töhfə verib. Bu gün cənab Hikmət Hacıyevin İngiltərəyə səfəri və hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələr iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdiyini bir daha göstərir".
Nuray Qurbanlı