Suriyada təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb

Tarix: 22:08 11.03.2025
Latakiya vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb.
Suriya hakimiyyəti bölgədə təhlükəsizliyi qorumaq və sabitliyi artırmaq üçün Tartus əyalətində yerləşən Əl-Qədmous şəhərinə əlavə qüvvələr göndərib.
SANA agentliyi xəbər verir ki, ölkənin cənub və cənub-qərbində yerləşən Dəra və Əs-Suveyda əyalətlərində mobil telefon və internet xidmətləri dayandırılıb. Məlumata görə, təxribat nəticəsində Dəra və Dəməşq arasındakı kabellər kəsilib.
Mövzu ilə əlaqədar politoloq Vaqif Hüseyn “informator.az”a açıqlamasında bildirib ki, Bəşər Əsəd rejimi devrildikdən sonra ona sadiq olan qüvvələrin tez bir zamanda təslim olmayacağı aydın məsələdir:
“Bu qüvvələrin bir çoxu xarici kəşfiyyatların təsiri altında olan qüvvələrdir. Yəni, istənilən halda onlar özlərinə lazım olan zamanda ayağa qalxa bilərlər. Rusiyanın Suriyada iki bazası var. Çox güman ki, yeni hökumət Rusiya hərbi qüvvələrinin orada qalmasına çox da göz yummayacaq. Uzun illər boyu Rusiya kəşfiyyatı Suriyaya yerləşib və Bəşər Əsədlə çalışıb”.
Ekspert bildirib ki, hazırda Suriyada rəsmi ordu dağılıb, hərbi, polis və ya kəşfiyyat qüvvələri əvvəlki kimi fəaliyyət göstərmir:
“Suriya hökuməti indiki vəziyyətdə əsasən Türkiyə hökumətinin dəstəyinə daha çox bağlanmalıdır və çox güman ki, bu mövqedə addımlar atılacaq. Ən azından Suriya ölkə daxilində bütün qruplaşmaların istəklərini nəzərə alacaq və yeni bir quruluşun formalaşması ilə məşğul olacaq. Suriyanın yeni hökuməti hər bir halda müəyyən dini və irqi təfəkkürləri kənara qoyub, bütün qüvvələrin mənafeyinə cavab verəcək yeni konstitusiyanın hazırlanması ilə məşğul olacaqdır. Suriyada bir çox dövlətin və dinin nümayəndələri var. Burada yeganə xilas yolu, bütün bu qüvvələri bir araya gətirəcək yeni dövlət quruluşunu qurmaq və yeni konstitusiyanın yaradılmasıdır".
Asiman Vəliyeva