İstanbul derbisi və buraya təyin olunan əcnəbi hakimlər

Tarix: 21:17 18.03.2025
"İstanbul derbisinə ona görə əcnəbi hakim tələb olunur ki, Türkiyə klublarında, istər rəhbərlik olsun, istər azərkeşlik səviyyəsində yerli hakimlərə inam və etimad yoxdur".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib.
O qeyd edib ki, hər bir klub digərini hakimlər komitəsini manipulyasiya etməkdə, təzyiq göstərməkdə ittiham edir:
"Hətta təzəlikcə digər İstanbul derbisi olan “Galatasaray” “Fenerbahçe”yə slovenialı hakim təyin edib. Təbii ki, bu hal baş verərsə, qarşı komanda da əcnəbi hakim istəyəcək. Bu da yerli hakimlərə inamsızlığı göstərdiyinə görə mənfi təsirli vəziyyətdir".
Müsahibimizin sözlərinə görə, əcnəbi hakimlər üçün xüsusi bir hazırlığa ehtiyac görülmür:
"Əcnəbi hakimlərin yerli hakimlərdən heç bir üstün cəhəti olmadığını düşünürəm. Sadəcə əcnəbi hakimin türk dili bilməməsi ilə, yerli azərkeşlərin ona qarşı etdiyi təzyiq və ya dediyi nalayiq ifadələr cavabsız qalır. Ancaq yerli hakim olduqda, bu sözləri, ifadələri anlayır. Bu da hakim üçün təzyiq altında olmaq deməkdir".
Zəhra Möhübbətova