Marsdakı zəhərli toz astronavtların sağlamlığı üçün ciddi risklər yaradır 

Bölmə: Dünya › ,
Tarix: 14:40 27.03.2025

 

ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) Keck Tibb Məktəbi tərəfindən aparılan yeni bir araşdırma, Marsda toz fırtınalarının tənəffüs problemlərinə və xəstəlik riskinin artmasına səbəb ola biləcəyini ortaya qoyub.

 

Marsda toz fırtınaları indiyədək əsasən robot missiyaları üçün risk kimi qəbul edilib. Bu fırtınalar elektron sistemlərdə nasazlıqlara səbəb ola bilər və günəş panellərində toplanaraq enerji istehsalının qarşısını ala bilər. 2018 və 2022-ci illərdə NASA-nın Opportunity roveri və InSight eniş aparatı toz fırtınaları səbəbindən işlək vəziyyətə düşüb. Bununla belə, alimlər bildirirlər ki, bu fırtınalar insanlı missiyalar üçün daha böyük risklər yarada bilər.

 

Araşdırmaya rəhbərlik edən USC Tibb Məktəbindən Dr. Justin L. Wang və komandası Mars tozunun insan sağlamlığına təsirlərini ətraflı şəkildə araşdırıb. Tədqiqatda NASA-nın Conson Kosmik Mərkəzi, UCLA Kosmik Tibb Mərkəzi və Kolorado Universitetinin Aerokosmik Mühəndislik Departamentinin tədqiqatçıları da iştirak ediblər.

 

Doktor Vanq, Marsın səthində bol olan bazalt və nanofazalı dəmirdən əmələ gələn dəmir tozunun tənəffüs yolu xəstəliklərinə səbəb ola biləcəyini ifadə edib. Mars tozunda olan silisium (silikon dioksid) birbaşa ağciyər xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, Marsda toz hissəciklərinin ölçüsü ağciyərlərdəki selikli təbəqənin xaric edə biləcəyindən kiçik olduğu üçün bədəndə toplana və xəstəliklərə səbəb ola bilər. 

 

Belə sağlamlıq risklərini azaltmaq üçün NASA və digər kosmik agentliklər xüsusi qoruyucu örtüklər, elektrostatik spreylər və tozu dəf edə bilən yeni texnologiyalar üzərində işləyirlər. Artemida Proqramı və gələcək Mars missiyaları irəlilədikcə kosmik tibbdə əhəmiyyətli irəliləyişlər gözlənilir.

 

BBC News

Asiman Vəliyeva