Litvada itkin düşən ABŞ əsgərlərinin ölümləri təsdiqlənməyib

Tarix: 22:04 27.03.2025
NATO-nun sözçüsü Allison Hart, baş katib Mark Ruttenin Litvanın Belarusla sərhədinə yaxın, Pabrade şəhəri yaxınlığındakı ərazidə təlim zamanı itkin düşdüyü bildirilən 4 ABŞ əsgərinin həlak olması ilə bağlı açıqlamasına aydınlıq gətirib və itkin düşən əsgərlərin ölümünün hələ də təsdiqlənmədiyini bildirib.
Hart özünün X hesabında Litvanın Pabrade şəhəri yaxınlığındakı ərazidə təlim zamanı itkin düşdüyü bildirilən dörd ABŞ əsgəri haqqında yazıb.
Hart, Ruttenin əsgərlərin "ölümü" ilə bağlı dünən verdiyi açıqlamaların yaratdığı qarışıqlıqdan "kədərləndiklərini" və əsgərlərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Ruttenin açıqlamasında mətbuatda çıxan xəbərlərə istinad etdiyini deyən Hart, əsgərlərin axtarışlarının davam etdiyi üçün ölənlərin hələ də təsdiqlənmədiyini qeyd edib.
ABŞ-nin Avropa və Afrika Komandanlığından dünən verilən açıqlamada, Pabrade şəhəri yaxınlığındakı bölgədə 4 ABŞ əsgərinin taktiki təlim zamanı itkin düşdüyü və hadisənin ardından Litva təhlükəsizlik qüvvələri ilə birgə axtarış əməliyyatının başladığı bildirilib.
Rutte, səfərdə olduğu Polşanın paytaxtı Varşavada mətbuat mənsublarına sözügedən əsgərlərin öldüyünü açıqlasa da, bu məlumatı ABŞ-nin Avropa və Afrika Komandanlığı təsdiqləməyib.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə