Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanmasına başlayıb

Bölmə: Dünya › ,
Tarix: 15:45 28.03.2025

Bu barədə EUObserver Avropa diplomatlarına istinadən xəbər verir.

Nəşrin mənbəsinin sözlərinə görə, yeni məhdudiyyətlər üzərində iş başlayıb, lakin hələ ilkin mərhələdədir.

 

"Aİ-nin Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası bu istiqamətdə işləyir. Təkliflərin yay aylarının əvvəlində təqdim olunacağı gözlənilir", – deyə Avropa diplomatlarından biri bildirib.

 

Bununla yanaşı, digər diplomat Ukraynada münaqişənin həlli ilə bağlı beynəlxalq səviyyədə intensivləşən səylərə görə sanksiyaların tətbiqi ilə bağlı müddətlərə dair şübhələrini ifadə edib.

 

"Hazırda bu, yalnız ehtimallara əsaslanan bir məsələdir. Biz Rusiyayla Ukrayna arasındakı danışıqların necə inkişaf edəcəyini gözləməliyik", – deyə o əlavə edib.

 

Portal qeyd edir ki, Avropa İttifaqı yeni sanksiyalar paketinin razılaşdırılması prosesində çətinliklərlə üzləşə bilər, çünki Macarıstanın veto qoyma ehtimalı var. Budapeşt, həmçinin, Aİ-nin Rusiya əleyhinə mövcud iqtisadi sanksiyalarının uzadılmasına da mane ola bilər. Bu sanksiyaların müddəti yanvar ayının sonunda daha altı ay uzadılıb.

 

Mənbə: Caliber

Aytən Ağazadə