Myanmada güclü zəlzələ: Onlarla ölü, itkin düşənlər var

Tarix: 15:55 28.03.2025
Martın 28-də Myanmanın Saqainq bölgəsində 7,7 bal gücündə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, 12 dəqiqə sonra 6,4 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.
Təbii fəlakət nəticəsində Myanmada azı 25, Taylandda isə 1 nəfər həyatını itirib. Rəsmi məlumata görə, 43 nəfər itkin düşüb. Dağıntılar əsasən Myanma və Taylandda qeydə alınıb.
Fövqəladə vəziyyət elan edilib.
Myanmanın Milli Fəlakətlərin İdarə Edilməsi Komitəsi bir neçə bölgədə fövqəladə vəziyyət elan edib. Tayland hakimiyyəti Banqkoku “fövqəladə vəziyyət zonası” elan edib. Xilasetmə işləri davam edir.
Tarixi və dini abidələrə ziyan dəyib:
Mandalay şəhərində yerləşən tarixi Ava körpüsü dağılıb, Mandalay sarayı isə ciddi ziyan görüb. Taunqo şəhərində bir monastırın uçması nəticəsində beş köçkün uşaq həyatını itirib. Mandalaydakı Şve Pho Şinq məscidində isə cümə namazı zamanı azı 20 nəfər ölüb.
Banqkokda bina uçdu, onlarla insan tələyə düşüb:
Banqkokda tikilməkdə olan hündürmərtəbəli bina uçub, nəticədə bir nəfər ölüb, 43 nəfər dağıntılar altında qalıb. Thai PBS-in məlumatına görə, xilasetmə əməliyyatları davam edir.
Mobil rabitə kəsilib, geniş dağıntılar var.
Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib. Zəlzələ nəticəsində mobil rabitə şəbəkələri sıradan çıxıb, geniş dağıntılar qeydə alınıb. Təbii fəlakətin təsiri qonşu ölkələrdə də hiss olunub. Tayland Birjası ticarəti dayandırıb, Nay Pyi Tawdakı böyük xəstəxanada isə çoxlu insan itkisi olduğu bildirilir.
Xilasetmə əməliyyatları davam edir.
ANEWZ
Gülhüseynova Güllər