BMT-nin Baş katibi Cənubi Sudandakı böhranla bağlı xəbərdarlıq etdi

Bölmə: Dünya › ,
Tarix: 22:13 28.03.2025

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Sudanda siyasi, humanitar və iqtisadi böhranların dərinləşdiyi barədə xəbərdarlıq edərək, "Açıq danışaq, bu gün şahid olduğumuz mənzərə 2013 və 2016-cı illərdəki vətəndaş müharibələrini qaranlıq şəkildə xatırladır",- dedi.

 

BMT-nin Baş katibi Antonio Quterreş Cənubi Sudandakı hadisələrlə bağlı mətbuata açıqlamalar verib.

 

Cənubi Sudandakı vəziyyətin "dramatik və ağır" olduğuna diqqət çəkən Quterreş, "Dünyanın ən yeni və ən yoxsul ölkələrindən biri olan bu ölkənin xalqı böyük bir böhranın ortasında qalıb",- deyə bildirib.

 

Quterreş Cənubi Sudanda döyüşlərin şiddətləndiyi, mülki vətəndaşlar, qadınlar və uşaqlar da daxil olmaqla hər kəsin havadan bombalandığı və qarşıdurmanın getdikcə daha çox regional xarakter aldığı barədə xəbərdarlıq edib.

 

Cənubi Sudanın birinci vitse-prezidenti Rik Maçarın həbs edilməsi ilə Sülh Müqaviləsinin demək olar ki, tamamilə çökmüş olduğunu bildirən Quterreş, eyni zamanda ölkədə siyasi böhranın yaşandığını vurğulayıb.

 

Quterreş həmçinin humanitar və məcburi köç böhranının olduğunu, iqtisadiyyatın isə çökdüyünü qeyd edib.

 

"Hadisələr vətəndaş müharibəsi dövrünü xatırladır"

 

BMT-nin Cənubi Sudandakı missiyasının gərginliyi azaltmaq üçün tərəflərlə daimi əlaqə saxladığını və mülki əhalinin müdafiəsi üçün tədbirləri gücləndirdiyini bildirən Quterreş, digər tərəfdən əməliyyat çətinlikləri ilə üzləşdiklərini də qeyd edib.

 

Uzun illərdir əziyyət çəkən Cənubi Sudan xalqı üçün artıq dialoq və gərginliyin azaldılması vaxtının gəldiyini vurğulayan Quterreş sözlərinə belə davam edib:

 

"Şərqi Afrika onsuz da qeyri-sabitlik içindədir və daha bir münaqişəni qaldıra bilməz. Cənubi Sudan xalqı da bunu qaldıra bilməz. Bu ölkənin rəhbərlərinə səslənirəm, gərginlik siyasətindən əl çəkin. Həbsdə olan hərbi və mülki rəsmiləri dərhal azad edin. Milli Birlik Hökumətini tam bərpa edin və sülh müqaviləsinə dair öhdəliklərinizi tam yerinə yetirin. Çünki bu müqavilə 2026-cı ilin dekabrında keçiriləcək dinc, azad və ədalətli seçkilər üçün yeganə hüquqi çərçivədir".

 

BMT Baş katibi həmçinin regional və beynəlxalq ictimaiyyəti sülh müqaviləsinin təminatçıları kimi prosesi dəstəkləməyə və onu pozmağa yönələn hər cür cəhdə qarşı birlikdə dayanmağa çağırıb.

 

Bu kritik dövrdə Cənubi Sudan xalqının dəstəyə ehtiyacı olduğunu vurğulayan Quterreş, Cənubi Sudanın dünyanın gündəmindən düşmüş ola biləcəyini, lakin bu ölkənin "uçuruma yuvarlanmasına" icazə verilməməli olduğunu bildirib.

 

Mənbə :TRT Haber

Nigar Həsənzadə