Ukrayna, ABŞ ilə məsləhətləşmələrə başlayıb

Bölmə: Dünya › ,
Tarix: 21:16 01.04.2025

 

Ukraynanın xarici işlər naziri Andrii Sybiha nadir torpaq elementləri üzrə müqavilə mətninin hazırlanması ilə bağlı ABŞ ilə məsləhətləşmələrə başladıqlarını bildirib.

 

Sybiha, Kiyevdə səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Xarici İşlər Nazirliyində keçirilən ikitərəfli görüşdən sonra Sybiha və Budris birgə mətbuat konfransı təşkil ediblər.

 

Budrisin Ukraynada olmasından məmnunluq duyduğunu ifadə edən Sybiha, ölkəsinə verdiyi dəstəyə görə Litvanya hökumətinə təşəkkür edib.

 

Sybiha, Səudiyyə Ərəbistanında keçirilən atəşkəs danışıqları ilə bağlı Budrisə məlumat verdiyini və bu görüşlərdə enerji infrastrukturuna hücumların dayandırılması barədə qərar qəbul edildiyini xatırladıb.

 

Lakin Rusiyanın bu qərara baxmayaraq Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirən Sybiha deyib:

“Rusiya bu razılaşmanı pozmağa davam edir. Xerson, Xarkov və Poltava bölgələrindəki enerji obyektlərinə ziyan dəyib. Bu səhər Xersonda yerləşən bir elektrik stansiyasına Rusiyanın hücumu nəticəsində 45 min insan işıqsız qalıb".

 

Rusiyanın Ukraynada işğal etdiyi torpaqlardan imtina etməyəcəklərini vurğulayan Sybiha, ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-ya üzv olmasının mühüm təhlükəsizlik təminatları verə biləcəyini qeyd edib.

 

Çıxışında ABŞ və Ukrayna arasında nadir torpaq elementləri müqaviləsinin hazırlanması prosesinə də toxunan Sybiha, Xarici İşlər Nazirliyinin 28 mart tarixində diplomatik kanallar vasitəsilə ABŞ-dan bu müqavilənin yeni layihəsini aldığını bildirib.

 

Hər iki tərəf üçün uyğun bir mətn hazırlamağa çalışdıqlarını deyən Sybiha, Ukrayna tərəfinin daha əvvəl hazırlanan çərçivə sazişini imzalamağa hazır olduğunu, lakin sonradan müqavilə mətninin dəyişdiyini vurğulayıb.

 

O, bu cür sənədin hazırlanması üçün Ukraynanın öz qanunlarının olduğunu qeyd edərək, “Buna uyğun olaraq, zəruri daxili prosedurların başlanması üçün müvafiq işlər aparılıb. Müqavilənin layihəsi barədə ABŞ tərəfi ilə məsləhətləşmələrə başladığımızı təsdiqləyirəm",– deyə bildirib.

 

TRT XƏBƏR

Günel Verdiyeva