“Multikulturalizm Azərbaycanda dövlət ideologiyasına çevrilib”-ŞƏRH

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:12 02.04.2025

 

İncəsənət çoxsaylı mədəniyyətlərin təzahür etdiyi bir sahə olaraq, həm fərqlilikləri qeyd edir, həm də bu fərqliliklərin birləşdiyi sahələri nümayiş etdirir. Multikulturalizm bu mənada sənətçilərə öz mədəniyyətlərini sərbəst şəkildə ifadə etməyə, fərqli mədəni təsirləri qarışdırmağa və yeni sənət formaları yaratmağa imkan verir. Bu həm də təkcə mədəni müxtəliflikləri qeyd etməklə qalmaz, eyni zamanda qlobal bir dialoqu və anlaşmanı təşviq edir.

 

Bu barədə “informator.az”a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir ki, indiki dövrdə sosial şəbəkələrdə Azərbaycan multikulturalını özündə ehtiva edən sənət nümunələri, müxtəlif janrları, modern və postmodern əsərləri görürük:

 

“XXI əsr sürət əsridir. Bu dövrdə insanlar müxtəlif sahələrdə olduğu kimi incəsənətdə də dəyişikliyin şahidi olurlar.Bu dəyişikliylərin bir çoxunu yenilik kimi gənclər gətirir, digərləri isə postmodernin təkrarı kimi doğulur, bəziləri isə sıradan çıxır. Multikulturalizm və estetik düşüncə incəsənətdə xüsusən də ədəbiyyat, kino , şou və biznesdə əks olunduğunu görürük”.

 

Yazıçı-kulturoloqun sözlərinə görə, Azərbaycan multikulturalizmi dünyada bir brend və düşüncədir:

 

“Azərbaycan muğam və cazın sintez edildiyi məkandır. Müslüm Maqomayev, Üzeyir Hacıbəyov və digər klassik bəstəkarlıq məktəbinin nümayəndələri Avropa bəstəkarlıq musiqisini Şərq muğamı ilə birləşdirdilər. Operalar və baletlər yarandı. Bizim yazıçı və şairlərimiz öz əsərlərində multikultural dəyərləri əks etdiriblər. Ədəbiyyatda Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin hər biri multikultural sənətin gözəl nümunələridir. “Yeddi Gözəl” əsərində yeddi xalqın nümayəndələri haqqında verilən məlumatlar əks olunur. ”Əli və Nino”, “Bahadır və Sona”, “Şeyx Sənan” kimi romanlar Azərbaycan və müxtəlif xalqların nümayəndələrinin məhəbbətini nümayiş etdirir.

Kinolarda da multikulturalizmi görürük. Kinolarda multikultural dəyərlər və xalqların birgə yaşayışını, etnik qrupların yaratdığı mədəniyyətləri görə bilirik. Bütün bunlar onu göstərir ki, Azərbaycan klassik, keçmiş və dastanlarda da multikultural dəyərləri özündə əks etdirir.Bu da dünya və bizim ölkə üçün önəmlidir”.



Nurcan ismayılova