ABŞ-İran Müharibəsi və Zəngəzur Dəhlizi: Ermənistanın Mövqeyi və Regional Təsirlər

Bölmə: Siyasət › ,
Tarix: 21:12 03.04.2025

“ABŞ və İran arasında müharibə olarsa, Ermənistanın rəqibləri Zəngəzur məsələsini həll etmək üçün güc tətbiq edə bilər”, - deyə Erməni politoloq Artur Xaçikyan bildirib. Onun sözlərinə görə, ABŞ buna ciddi hazırlaşır və bölgəyə qoşun yeridir, ABŞ və İran arasında müharibə olarsa, bölgədə İsrailin təzyiqi artacaq. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Erməni ekspertlərin düşüncələrinə görə, belə bir savaş baş verərsə, bu İranın ciddi şəkildə zəifləməsinə səbəb olacaq və İran zəifləyərsə, onun Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi qırılmış olacaq ki, Ermənistan da dəhlizin açılmasına razılıq verəcək:

 

"İlk onu qeyd etmək lazımdır ki, Ermənistanın bir çox ekspertləri belə məsələlərlə insanları manipulyasiya etməyi xoşlayırlar. Əsas da nəzərə alsaq ki, İsraillə Azərbaycanın yaxın münasibətləri Ermənistanı narahat edir. ABŞ-İran qarşıdurmasına gəldikdə isə, belə bir ehtimal var, amma mən düşünürəm ki, hər iki tərəf danışıqlar masasında problemlərin həll olunmasına üstünlük verəcək və bölgədə geniş miqyaslı savaş olmayacaq. Əgər savaş baş verərsə, bu nəinki regional, o cümlədən, qlobal proseslərə təsir edəcək. Erməni ekspertlərin düşüncələrinə görə, belə bir savaş baş verərsə, bu İranın ciddi şəkildə zəifləməsinə səbəb olacaq və İran zəifləyərsə, onun Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi qırılmış olacaq ki, Ermənistan da dəhlizin açılmasına razılıq verəcək. Çünki bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılmasına mane olan ölkələrin ən başında İran gəlir. Ermənistanda İranın və digər dövlətlərin təşviqləri nəticəsində dəhlizin açılmasını yubatmaqdadır. ABŞ-İran qarşıdurması baş verərsə, Ermənistan tərəfinin atmalı olduğu ən vacib addım Zəngəzur dəhlizini açmaq olacaq. Azərbaycanın və Türkiyənin mövqeyi Zəngəzur dəhlizinin açılmasıdır və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan, o cümlədən, Türkiyə dəhlizin dinc yolla açılmasının tərəfdarıdır. Hansısa fərqli məqam baş verərsə, şübhəsiz ki, Azərbaycan təzyiqlərini artıra bilər".

 

Siyasi şərhçi Zəngəzur dəhlizinin açılmasının yollarından da danışıb: 

 

"Zəngəzur dəhlizinin açılmasının 2 yolu var: 

1. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və dəhlizi açmalıdır. 

2. Şübhəsiz ki, güc tətbiqidir.

2-ci addıma hüquqi əsaslar var. Üçtərəfli bəyanat beynəlxalq müqavilə hökmündədir və beynəlxalq sənədlərdən yayınmaq savaş səbəbi sayıla bilir. Ermənistan da bunları çox yaxşı bilir. Sadəcə müxtəlif havadarlarının, o cümlədən, İranın təşviqi ilə prosesi yubatmaqla məşğuldur".

 

Siyasi şərhçi ABŞ-İran müharibəsi başlayarsa, Ermənistanın münaqişəyə cəlb olunub, olunmayacağı məsələsinə də toxunub: 

 

"Bunu demək çətindir. Çünki İranın əsas məqsədlərindən biri belə bir savaş başlayacaqsa, qonşu ölkələrdə ABŞ-nin və İsrailin bazalarına zərbə endirməkdir. Düşünürəm ki, belə bir məqamda İran təxribatlara da gedə bilər və müxtəlif ölkələrdə ABŞ-nin və ya İsrailin bazalarının olduğunu əsas gətirməklə onlara zərbə endirmək təşəbbüsü ilə çıxış edə bilər. Bu da diqqətə alınacaq məsələdir. Biz yaxşı xatırlayırıq ki, İran tərəfi bir müddət guya Azərbaycanda İsrailin hərbi bazalarının olması ilə bağlı uydurma bəhanələr axtarmağa çalışırdı. Yəni, Ermənistanın İranla kifayət qədər yaxın münasibətləri var. Bayden administrasiyası dövründə ABŞ ilə də münasibətlər yaxşı idi. Bölgədə kiçik də olsa ABŞ-nin hərbi bazalarının olduğu deyilir ki, bu da İranın diqqətindən qaçmaya bilər".

 

Günel Verdiyeva