Niyə ABŞ İranın PUA istehsalına qarşı sanksiyalar tətbiq etdi?

Tarix: 21:43 03.04.2025
ABŞ, İranın pilotsuz uçuş aparatları istehsalına dəstək verdiyi iddia edilən İran, BƏƏ və Çindəki altı şirkətə və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar, İranın “Qods Aviation Industries” şirkəti üçün PUA hissələri alan beynəlxalq şəbəkəni hədəf alıb.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator.az" saytına açıqlamasında bildirib ki, ABŞ-nin məqsədi İranın dron istehsalını məhdudlaşdırmaqdır:
"ABŞ Maliyyə Departamenti bir Çin, bir İran və dörd BƏƏ şirkətinə sanksiyalar tətbiq edib. Eyni zamanda, İrandakı iki şəxs həmin sanksiyalara məruz qalan şəxslər siyahısındadır. Burada əsas məqsəd, ABŞ-nin də dediyi kimi, İranın nüvə proqramını həyata keçirməsinə mane olmaq və eyni zamanda İranın silah istehsalının və ixracının qarşısını almaqdır. İran dronlarını Yaxın Şərqdəki proksi qüvvələrə, xüsusilə də Ukrayna-Rusiya müharibəsində Rusiyaya ixrac edir. Bu isə ABŞ-nin regiondakı maraqlarına zidd olduğu üçün ABŞ hər fürsətdə dron istehsalını və təchizatı şəbəkəsini məhdudlaşdırmağa çalışır. Bunun yollarından biri də qeyd etdiyim kimi, sözügedən 6 şirkətə, eləcə də İranın dron istehsalı və təchizatına töhfə verən Çin və BƏƏ şirkətlərinə sanksiyalar tətbiq etməkdir. Bu, əslində, Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra İrana qarşı tətbiq etdiyi ikinci raund sanksiyalarındandır. Donald Trampın İrana qarşı maksimum təzyiq kampaniyası çərçivəsində tətbiq olunan bu sanksiyalardır. Əsas məqsəd İranın zəiflədilməsi və onun nüvə proqramını reallaşdırması imkanlarının məhdudlaşdırılmasıdır. Digər tərəfdən, ABŞ Administrasiyasının İsrailin təhlükəsizliyinə dair narahatlığı mövcuddur. İsrailə yaxın bir şəxs olaraq, Donald Tramp hər zaman İranı neytrallaşdırmağa çalışır", - deyə Zahidov bildirib.
Bu sanksiyalar İranın PUA istehsalına təsir göstərə bilərmi?
"Bu, İranın PUA istehsalına müəyyən qədər təsir göstərəcək, amma fundamental şəkildə onu dayandıracağını düşünmürəm. Çünki İranın müxtəlif kanalları var, eyni zamanda öz daxili imkanları da mövcuddur və bu imkanlar vasitəsilə öz PUA istehsalını zənginləşdirə bilər", - deyə politoloq əlavə edib.
İran bu sanksiyalara qarşı hansı addımları ata bilər?
"Əvvəl hansı addımları atırdısa, bundan sonra da eyni şəkildə davam edəcəkdir. Yəni, ABŞ-a cavab olaraq Rusiya və Çinlə ittifaqını möhkəmləndirmək, diplomatik kanallar vasitəsilə ABŞ-a müəyyən iradlar bildirmək və s. kimi addımları həyata keçirməyə davam edəcəkdir",- deyə politoloq vurğulayıb.
Səyyarə Mirzəyeva