Tavuşda Demarkasiya Prosesi: Azərbaycan Üstünlük Qazanır

Tarix: 20:34 04.04.2025
"Tavuşda delimitasiya va demarkasiya prosesinə hazırlıq çoxdan başlayıb və indi də davam edir" bu sözləri Tavuşun Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan deyib. “Voskepar-Bağanis yolu boyunca tikanlı məftillər qurulur. Yəni, buna əsasən, ordumuz hazırda olduqları mövqelərindən 5-6 yüz metr geri çəkilməlidir. Ərazidə anklav adlanan Yuxarı Əskipara kəndi təhvil verilməlidir. Həmçinin, aşağı hissədə İcəvan, Sofulu və Bərxudarlı kəndləri də var ki, oralarda hazırlıq prosesi hələ başlamayıb. Hazırlıq yekunlaşdıqdan sonra bölgəni minalardan təmizləməyə başlayacaqlar. Bir sözlə, Azərbaycan Tavuşda istədiyini bir güllə belə atmadan rahatlıqla alacaq. Mən hələ yanvar ayında məlumat almışdım ki, aprelin 15-dən sonra demarkasiya prosesi başlayacaq",- deyə o bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Ermənistan proseslərin həllində məhsuldar olmağa çalışsa, məsələlər daha rahat həll olar:
"Məsələ burasındadır ki, həmin ərazilərdə insanlar qarşıdurmadan yorulublar. Bu da təbiidir. İnsanlar həmişə çətinlik, səksəkə yaşadıqca ruhdan düşürlər. Ona görə də yerli əhali həmişə kompromislərə hazır olur. Onlar SSRİ dövründə yaşayanda Azərbaycan və Ermənistan arasında müəyyən əlaqələr var idi. Bu əlaqələri Erməni millətçiləri pozdu. Ona görə indi Tavuşda belə bir hadisənin baş vermə ehtimalı normaldır. Amma Karen Qazaryanın dedikləri nə dərəcə Ermənistan hökumətinin fikirləri ilə üst-üstə düşür? Bu çətin məsələdir. Bu məsələnin çətin olmasının səbəblərindən ən başlıcası Aİ müşahidə missiyasıdır. Onların cəsusluqla məşğul olduğunu biz bilirik. Aİ müşahidəçilərinə lazım olan bölgədə gərginliyin qalmasıdır. Onlar çalışır ki, Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar meydana gəlsin və onlar burada hərbi kontingent yerləşdirsin. Amma bu mümkün olmayacaq. Azərbaycan buna imkan verməyəcək. Bir məsələni də demək lazımdır ki, işlək formatlar var. Azərbaycan və Ermənistan baş nazirləri arasında sövdələşmələr var, danışıqlar və məsləhətləşmələr gedir. Azərbaycan həmişə əməkdaşlığa hazırdır. Məsələ burasındadır ki, Ermənistan həmişə bunu istəmir. Nikol Paşinyan başda olmaqla, rəsmi hökumət müstəqil qərar vermək iqtidarında deyil. Başqa dövlətlərlə məsləhətləşir ki, nəyi etsin, nəyi etməsin. Azərbaycan isə öz qərarlarını özü verir. Ona görə proseslərdə yarımçıq vəziyyət var. Əgər Ermənistan həqiqətən də, siyasi qətiyyət göstərərək, bu məsələlərlə bağlı Azərbaycana əməkdaşlığa hazır olduğunu bildirsə, məsələləri həll etmək mümkündür. Azərbaycan üçüncü tərəflərin müdaxiləsinə imkan vermir. Əgər Ermənistan qətiyyət nümayiş etdirsəydi, çoxdan sülh müqaviləsi imzalanmışdı".
Siyasi şərhçi Tavuşda ehtimal olunan delimitasiya prosesindən danışıb:
"Mən düşünürəm ki, hər hansı məsələdə, o cümlədən, Tavuş istiqamətində delimitasiya prosesində tərəflər danışıqlarla məsələləri həll etsə, bu çox böyük töhfə olacaq. Çünki bizim problemimiz bir neçə hissədən ibarətdir. Əgər bu məsələlərin bəzilərində irəliləyiş olsa, bu uğur olacaq. Azərbaycan da bunu istəyir. Ermənistan isə bunu bacarmır, çünki onun ixtiyarı öz əlində deyil. Ermənistan proseslərin həllində məhsuldar olmağa çalışsa, məsələlər daha rahat həll olar".
Siyasi şərhçi Naxçıvana dəhlizin açılması məsələsinə də toxunub:
"Ermənistan bunu beynəlxalq səviyyədə bir öhdəlik olaraq öz üzərinə götürüb. Amma bu məsələdən qaçır və öz sözündən dönür. Bu dönüklük Ermənistana xas olan bir məsələdir, ona görə də bu proses hələ də həll olunmayıb. Hər kəs bu məsələnin həllini gözləyir. İnsanların gözlədiyi isə hökumətlərin danışıqlar yolu məsələləri həll etməsidir".
Günel Verdiyeva