Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün əsas maneələr

Bölmə: Siyasət › ,
Tarix: 19:47 07.04.2025

Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi hələ də tam bərqərar olmayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrətli "informator.az"a açıqlamasında bildirib ki, sülhün tam bərqərar olması üçün formulu Azərbaycan tərəfi təqdim edib:

 

"Sadəcə olaraq Ermənistanın bunu qəbul edib mümkün qədər tez bir vaxtda ona uyğun davranması qalır. Yəni Azərbaycanın torpaqlarına iddiadan Ermənistan imtina etməlidir. ATƏT-in Minsk qrupunun tezliklə buraxılmasını üçün hərəkətə keçməlidir. Digər məsələlər haqqında da artıq mübahisə və müzakirəyə gərək yoxdur. Çünki hər iki tərəfə Ermənistan və Azərbaycan deyir ki, biz o məsələlərdə tam anlaşmışıq. Əslinə qalanda Azərbaycana qarşı ərazi iddiası məsələsində Ermənistan razılığını bildirib. Minsk qrupu ilə bağlıda öz razılığını deyib. Sadəcə olaraq bu prosesi bitirməyib, yəni məsələni həll etmədən Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Azərbaycan da deyir ki,o məsələləri həll edin ondan sonra problemsiz sülh müqaviləsini bağlayaq. Ermənistan bir qədər sürətli hərəkət etsə, heç bir problem yoxdur".

 

O həmçinin açıqlamasında bildirib ki, güzəştlərə gəlincə mən düşünmürəm ki, Azərbaycanın getməli olduğu hansısa bir güzəşt var:

 

"Ermənistan 30 ilə yaxın bir müddətdə bizim torpaqlarımızı işğal altında saxlayıb. Həm Ermənistanın öz ərazisində, həm də Azərbaycan Respublikasının ərazisindən 1 milyona yaxın insanı öz torpaqlarından didərgin salıb. Təbiidir ki, bunun üçün Azərbaycana təzminat ödəməlidir. Məhv ediyi torpaqlarmızın bərpasına kömək etməlidir. Ümumiyyətlə həmin ərazinin bərpası Ermənistanın çiynində olmalıdır. Azərbaycan təzminatın ödənilməsinin müddətini bir qədər uzatmaqda güzəştə gedə bilər. Çünki reallıqda Ermənistanın həmin təzminatı ödəmə imkanları yoxdur. Əvəzində başqa məsələlərdə ola bilər. Məsələn, Azərbaycan tərəfinə Ermənistan təzminat əvəzinə Qərbi Zəngəzuru güzəştə gedə bilər və getməlidir. Çünki Qərbi Zəngəzur Azərbaycan torpağıdır və bir vaxtlar Azərbaycanın əlindən alınıb. Süni Ermənistana verib, onun ərazisini böyüdüblər, Azərbaycana qaytarılsa heç bir problem ola bilməz. Yəni Azərbaycanın gedə biləcəyi güzəşt yalnız bu ola bilər".


Şərhçi açıqlamasına bu cür davam edib:

 

"Cəmiyyətlər arasında yaxınlaşmanı, sülh anlayışının təşviqini təmin etmək üçün artıq uzun müddət işləməli olacağıq. Çünki həqiqətən də xalqlar arasında elə bir dərin uçurum yaranıb ki, bu uçurumun aradan qaldırılması illər alacaq. Qarşılıqlı etimad insanların bir-birinə inamın bərpası, təmini heç də asan məsələ deyil. Çünki hər iki xalqda bəlli bir psixoloji maneə var. Bu maneəni aşıb keçmək elə də asan deyil. Ona görə bunun üçün işləməli olacağıq. Sadəcə sülh müqaviləsi imzalandıqdan sonra hər iki tərəfdə xalq diplomatiyasını daha sürətli şəkildə gerçəkləşdirməyə zərurət yaranar".

 

Ayşən Səlimova