Qərbi Azərbaycan İcması bəyanat yaydı

Tarix: 09:28 08.04.2025
Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib.
“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu il aprelin 6-sı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən IV konfransında qəbul edilən Bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub:
“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.
Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir”.