Cihat Arslan: “Dəstək verilməsə, Amed FK ilə oyuna çıxmayacağıq”

Tarix: 21:18 08.04.2025
Türkiyə 1-ci Liqasında “Ankara Keçiörengücü”nə 4:1 hesabı ilə məğlub olan “Kızılkaya Tarım Şanlıurfaspor”un baş məşqçisi Cihat Arslan oyundan sonra qalmaqallı açıqlamalarla gündəmə gəlib.
Aktəpə stadionunda baş tutan qarşılaşmadan sonra mətbuat konfransında çıxış edən Arslan komandanın psixoloji baxımdan zəiflədiyini deyib. Onun sözlərinə görə, şəhərin rəhbər şəxsləri və cəmiyyətin tanınmış simaları dəstək göstərməsə, növbəti turda “Amed Sportif Faaliyetler”ə qarşı meydana çıxmayacaqlar.
“Şəhər təslim olarsa, futbolçu da təslim olar. Əgər biz aşağı liqaya düşsək, bu, təkcə komandanın düşməsi deyil. Dəstək görmədən əlimdən gələni etməyəcəm”, – deyə Arslan bildirib.
“Keçiörengücü”nün baş məşqçisindən qələbə şərhi
Digər tərəfdən, ev sahibi komandanın baş məşqçisi Sedat Ağçay isə vəzifəyə gəldikdən sonra ikinci qələbəsini qazandığını xatırladıb. Onun sözlərinə görə, qısa müddətdə oyunçularla qurulan əlaqə öz bəhrəsini verməyə başlayıb.
“Doqquz gündür buradayıq. İki oyundur qalib gəlirik. Futbolçuların reaksiyası bizi çox sevindirir”, – deyə Ağçay bildirib.
TRT SPOR
Gülhüseynova Güllər