“Bu turnirdə əldə olunacaq təcrübələr rotasiyaların yenilənməsinə kömək edəcək”

Bölmə: İdman › ,
Tarix: 22:10 09.04.2025

"Bu, təkcə idmançılar üçün deyil, məşqçilər üçün də çox önəmli turnir olacaq".

 

Bu sözləri idman jurnalisti Həcər Vəliyeva "İnformator.az"a açıqlamasında deyib.

O qeyd edib ki, milli komandamızın son zamanlarda uğursuz çıxışlarından sonra AFFA rəhbərliyi bu cür layihələrdə Azərbaycanın iştirakını təmin edir:

 

"Bu cür uğursuzluqların nəticəsini təcrübəyə bağlayırlar. Təcrübəyə bağladıqlarına görə isə düşünürlər ki, gənc istedadların, yetişməkdə olan futbolçuların daha asan şəkildə üzə çıxarılması üçün belə layihələrin, turnirlərin təşkili önəmlidir. Bu turnir vasitəsilə AFFA rəhbərliyi cari vəziyyəti dəyişməyə, futbolçularımızın inkişaf strategiyasının formalaşdırmağa çalışır".

 

Müsahibimizin sözlərinə görə, bu turnirdə əldə olunacaq təcrübələr rotasiyaların yenilənməsinə kömək edəcək:

 

"Bu rotasiyalar nəticəsində gənclərin, perspektivli futbolçuların aşkar olunmasına zəmin yaradacaq. Gələcəkdə isə bunlar yəqin ki, milli komandanın formalaşmasında, Azərbaycan futbolunun inkişafında böyük rol oynayacaq. Hansı kontekstdən baxılarsa, müsbət bir addım olacaq. Çünki qeyd etdiyim kimi bu uğursuzluqları AFFA məhz təcrübə ilə əlaqələndirdiyi üçün çıxış yolunu burada görür. Düşünürəm ki, bu addım milli komanda heyətinə çox müsbət təsir edəcək və gələcək nəsil daha perspektivli olacaq".

 

Zəhra Möhübbətova