İsrailə Raket Hücumu-Husilərin Mesajı Kimədir?

Bölmə: Dünya › ,
Tarix: 21:35 14.04.2025

Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilər Ben-Qurion hava limanına və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına raket zərbələri endirdiklərini iddia ediblər.

 

Mövzu ilə bağlı “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, husilərin bu hücumu böyük ehtimalla ABŞ-yə cavab xarakteri daşıyır:

 

“Çünki son dövrlər ABŞ və Böyük Britaniya husiləri zərərsizləşdirmək məqsədilə hərbi əməliyyatlara başlayıblar və onlara ağır zərbələr endiriblər. Bu əməliyyatların əsas məqsədi husiləri təhlükə mənbəyi kimi sıradan çıxarmaqdır. Onlar İranın proksi qüvvəsi hesab olunurlar və eyni zamanda dəniz ticarətinə ciddi maneələr yaradıblar. Beləliklə, onların zərərsizləşdirilməsinin vaxtı artıq yetişib. ABŞ bu məsələyə ciddi yanaşır və prosesin davamında husilər də İranın digər proksi qüvvələri kimi yaxın zamanda sıradan çıxarıla bilər. Bununla belə, husilərin mövcud mərhələdə cavab zərbələri endirməsi beynəlxalq proseslərə müəyyən mənfi təsirlər göstərə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ və İran arasında artıq danışıqlar prosesi başlayıb və bu danışıqlarda əsas müzakirə mövzusu İranın nüvə proqramıdır. Ağ Ev rəsmi Tehrandan bu proqramın ləğvini tələb edir və əgər Tehran bu tələbdən imtina edərsə, ABŞ onu hərbi müdaxilə ilə hədələyir".

 

Politoloq əlavə edib ki, belə vacib və həssas mərhələdə husilərin əks hücumları danışıqlar masasında vəziyyəti daha da gərginləşdirə bilər:

 

“Bu gərginliyin nəticələri yaxın vaxtlarda daha aydın şəkildə görünməyə başlayacaq. Mövcud şəraitdə husilərin silahı yerə qoyması daha məntiqli qərar olardı. Çünki ABŞ kimi güclü bir dövlətlə hərbi qarşıdurma – zəif bir ölkənin daxilində fəaliyyət göstərən və nəzarətdən kənar silahlı birləşmə üçün – real seçim sayıla bilməz. Bu baxımdan ehtimal etmək olar ki, husilər və onların arxasında dayanan qüvvələr ABŞ–İran danışıqlarının müsbət nəticələnməsində maraqlı deyillər. Bu səbəbdən də danışıqları pozmaq məqsədilə regionda hərbi gərginliyi qəsdən artırmağa çalışırlar".

 

Aytən Ağazadə