Yatarkən bir anda yıxılma hissinin gəlməsi nə ilə əlaqədardır?

Tarix: 21:01 15.04.2025
Yuxuya gedəndə qəfil yıxılma hissi ilə oyanmış ola bilərsiniz. Bu hadisə bəzən insanda qorxu və təşviş hissi yaradır. Ancaq ayıldıqdan sonra bunun sadəcə bir yuxu olduğunu anlayırıq.
Mövzu ilə bağlı Psixoloji İnkişaf Akademiyasının rəhbəri, psixoloq Aygün Cəfərova “İnformator.az”a açıqlamasında bildirib ki, hipnoqogik sarsıntı zamanı beyin rahat ola bilmir və bədənə siqnallar ötürür. Bu zaman insan yıxılma hissi ilə ayılır:
“Əgər insan sağlam yuxu rejiminə əməl edərsə, onun gündəlik həyat tərzi və emosional durumu harmonik bir vəziyyətdə inkişaf edir. Əgər düzgün yuxuya gedə bilmirsə, bu, psixoloji vəziyyətə də mənfi təsir göstərir. Hipnoqogik yuxu sarsıntısını təhlil etdikdə görürük ki, normalda insan yuxuda olarkən, həm bədən, həm də beyin rahatlaşır, ancaq bu sarsıntı zamanı beyin hələ də aktivdir və tez-tez bədənə siqnallar göndərir. Bu zaman insan bir yerdən yıxıldığını hiss edir və diksinərək yuxudan oyanır”.
Psixoloq əlavə edib ki, bu hal tez-tez baş verirsə, həkim nəzarətində olmaq vacibdir:
”Əgər bu hal tez-tez baş verirsə və gündəlik həyat tərzinə mənfi təsir göstərirsə, nevroloji müayinədən keçmək, həkim nəzarətində olmaq vacibdir. Müayinə zamanı hər hansı fizioloji narahatlıq aşkarlanmasa, bu zaman psixoloji duruma diqqət yetirilməlidir. Bəzən insan çox yükləndikdə, emosional gərginlik və daimi stress fonunda bu hallar baş verə bilər. Belə vəziyyətdə psixoloqa müraciət etmək ən düzgün addım olar”.
Lalə Qurbanlı