4 türk ölkəsindən Türkiyəyə inanılmaz zərbə

Bölmə: Siyasət › ,
Tarix: 18:22 16.04.2025

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa Birliyi (AB) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi verilən saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını (Kuzey Kıbrıs Türk Cumhuriyeti) tanımayacaqlarını bəyan ediblər.

 

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, siyasi arenada yeganə həlledici faktor maraqlardır:

 

"Digər bütün amillər isə bu maraqların fərqli və bəzən yumşaldılmış formalarıdır. Mərkəzi Asiya ölkələri üçün Avropa Birliyinə (AB) yaxınlaşmaq inkişaf və uğur göstəricisi kimi qiymətləndirilir. Türkiyə də illərdir AB-yə üzv olmaq üçün səylər göstərir. Bu baxımdan AB ilə münasibətlər təkcə Mərkəzi Asiya üçün deyil, Türkiyə üçün də xüsusi əhəmiyyət daşıyır. Turan Birliyi AB-nin ekvivalenti ola bilməz. Çünki bu iki birlik struktur, iqtisadi model, baxış bucağı və funksionallıq baxımından bir-birindən fərqlənir. Dörd ölkənin Şimali Kipri tanımaması, Türkiyənin onlarla əlaqəni kəsəcəyi anlamına gəlmir. Əksinə, belə bir düşüncə siyasi prosesləri anlamamaq deməkdir. Bu vəziyyət Rusiyanın maraqlarına toxuna, hətta onun üçün qıcıqverici və potensial təhlükə mənbəyi kimi görünə bilər".

 

Konfliktoloq əlavə edib ki, hazırda türk dövlətləri arasında əməkdaşlıq və qarşılıqlı mübadilə prosesi aktiv şəkildə davam edir:

 

"Hər bir ölkənin öz maraqları mövcuddur və bu fərqliliklər Turan ideyası üçün problem sayılmamalıdır. Əslində, Turan yolunda əsas problem, vahid ideoloji baza və sistemli yanaşmanın olmamasıdır. Bu birliyin formalaşması üçün ilk növbədə ortaq ideologiya ətrafında koordinasiyalı şəkildə hərəkət edilməlidir".

 

Aytən Ağazadə