Sülhə Aparan Yol: Etimad, Əməkdaşlıq və Hüquqi Təminat

Bölmə: Siyasət › ,
Tarix: 18:56 16.04.2025

“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq” ,- deyə Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə həm Azərbaycan, həm də Ermənistan xalqı sülh içində yaşamağa layiqdir. Nikol Paşinyan müxalifəti sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb. Eyni zamanda, o ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı sənədi sülh sazişi ilə birgə imzalamağı da təklif edib və Azərbaycanın narahatlığının başa düşülən olduğunu bildirib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki, Ermənistan istəsə də, istəməsə də ATƏT-in Minsk qrupunun “xortlaması” mümkün deyil:

 

"Mövcud 17 bəndlik sülh sənədinin çərçivəsi bəllidir və burada dəyişəcək bir şey yoxdur və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi sənəddə yoxdur. Məntiqi olaraq, bu qurumun ləğvi zəruri şərt olaraq ortaya çıxır. Çünki ATƏT-in Minsk qrupu BMT-nin verdiyi mandat çərçivəsində fəaliyyət göstərib və bu fəaliyyət süni olaraq “Qarabağ münaqişəsi”ni həll etmək kontekstində mövcud olub. Bu gün Qarabağ məsələsi siyasi və hüquqi cəhətdən həll olunub və bunu Azərbaycan-Ermənistan münasibətlərində bu məsələ həll olunub və qapadılıb. Yəni artıq “Qarabağ münaqişəsi” mövcud deyil və bunu Ermənistan birmənalı olaraq qəbul edib. Bu məsələ qapanandan sonra artıq ATƏT-in Minsk qrupu siyasi cəhətdən ölü bir quruma çevrildi. Burada gərək addım odur ki, siyasi meyitləri dəf etmək lazımdır və qarşılıqlı, birgə müraciətlə bu məsələ həll olunmalıdır. Bu məsələ Ermənistan üçün Azərbaycanla münasibətlərdə bazarlıq predmeti ola bilməz. Azərbaycan bunu qəbul etmir. Çünki Ermənistan istəsə də, istəməsə də bu qurumun “xortlaması” mümkün deyil. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi rəsmi olaraq Azərbaycanla birlikdə müraciət edərdi və ATƏT-in Minsk qrupu ilə bağlı məsələni bitirərdi. Bu əslində sülh prosesinin önünü açan bir məsələdir. Məğlub tərəf ən kiçik detalları özünün xeyrinə və bazarlıq predmetinə çevirə bilməz. Ona görə də Ermənistana məsləhətim bundan ibarətdir ki, xoş bir jest olaraq bu məsələni bağlasın. Bundan sonra sülh müqaviləsinin imzalanması yönündə çətinliyə yox, asanlığa getsin. Çünki Azərbaycanın digər şərti ərazi iddiasının Ermənistan konstitusiyasından çıxarılmasıdır. Nikol Paşinyan bunu onunla əlaqələndirir ki, Konstitusiya Məhkəməsi sərhədlərin delimitasiya komissiyası ilə bağlı verdiyi rəydə birmənalı olaraq bu sənədin Ermənistan Konstitusiyasına zidd olmadığı qərarını verib. Paralel olaraq, Konstitusiya Məhkəməsi preambulada istinad nöqtəsi olan cümlənin konstitusion müddəa daşımadığını bildirir və ən nəhayət Ermənistan konstitusiyasının 3-cü maddəsindədə göstərilib ki, hər hansı beynəlxalq sənəd Ermənistan qanunvericiliyi ilə ziddiyyət təşkil edərsə, üstün səviyyədə olan beynəlxalq müqavilə olacaq".

 

Siyasi şərhçi bu məsələdə etimad məsələsindən də danışıb:

 

"Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı sənədi sülh müqaviləsi ilə eyni vaxtda imzalamağı təklif edir. Bunu guya qarşılıqlı etimad məsələsi kimi təqdim edir. Amma Ermənistan özü hansı fəaliyyəti ilə bağlı etimad qazanıb ki? ATƏT-in Minsk qrupu ilə bağlı qarşılıqlı müraciət etimadı nisbətən yarada bilər. Azərbaycanın yumşalması isə əməllə bağlıdır. Ermənistan əməldə fəaliyyət göstərərsə, yumşalmadan söhbət gedə bilər. Sülh sənədi imzalanacaqsa, bu kompleks bir məsələdir. Bununla da münasibətlər sistemi təsdiqlənməlidir. Əməkdaşlığa ehtiyac var. Əməkdaşlıq üçün isə kommunikasiyaların, yolların açılmasına ehtiyac var. Yollar açılmasa qarşılıq ticarət necə mümkün olacaq? Kommunikasiyaların açılması şərtini Ermənistan mütləq yerinə yetirməlidir. Sərhədlərin müəyyənləşməsi prosesi də ləng gedir. Hələ də Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları var. Bu da Azərbaycanı qane etmir. Ona görə də bu məsələlər kağız parçasını imzalamaqla olmur, hər bir məsələ kompleks şəkildə həll olunmalıdır".

 

Siyasi şərhçi Ermənistandaki sülh gündəliyi məsələsinə də toxunub:

 

"Burada məsələ həm Ermənistan dövlətinin gələcək təhlükəsizliyi, həm də Paşinyan hökumətinin 2026-cı il seçkilərində qalib gəlməsidir. 2021-ci ildə məğlub Paşinyan hökuməti parlament seçkilərində qalib gəldi. Xalq bu mandatı niyə Paşinyana verdi? Çünki Paşinyan xalqa sülh vəd etmişdi. Xalq da müharibədən yorulduğu üçün sülhə səs verdi və yenidən Paşinyan qalib gəldi. Heç kim övladının cəbhədə məğlub olmasını istəmir. Bu gün də dəyişən bir şey yoxdur. Bu gün də Erməni anaları öz övladlarının müharibədə həlak olmasını istəmir. Demək ki, Nikol Paşinyan 2026-cı il parlament seçkilərinə sülh bayrağı ilə getməlidir. Ortada belə bir sülh yoxdur, doğrudur, müharibə də yoxdur. Sülh təhlükəsizliyi hüquqi təminatdır. Ona görə sülh çağırışları, müharibənin olmaması, xalqa verilən sülh vədi yerinə yetirilməlidir. Əks təqdirdə, Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hansı şüarla gedəcək? Ona görə də bu gün sülh gündəliyi daha populyardır. Bu məsələnin beynəlxalq tərəfi də var ki, Paşinyan özünü sülhpərvər göstərir. Özlərinin sülhə hazır olduqları fikirlərini yaradıb, Azərbaycanın buna mane olması kimi fikirlər yaratmağa çalışırlar. Hüquqi təminat olmadan sülh sazişi imzalanmayacaq".

 

Günel Verdiyeva