Abşeronda gənclərlə görüş keçirildi

Tarix: 12:07 17.04.2025
Abşeron RİH və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli gənclərlə, eləcə də Abşeron RİH-də təcrübə keçən könüllülərlə “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Ötən iki əsr ərzində Qərbi Azərbaycanlılara qarşı törədilən tarixi ədalətsizlik” mövzusunda görüş keçirilib.
“İnformator.az” xəbər verir ki, Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova regionlarda gənclərlə davamlı olaraq keçirilən silsilə tədbirlərin Qərbi Azərbaycan ilə bağlı tarixi faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Abşeronda həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsini xüsusi diqqətdə saxladığını qeyd edən G.Rəhimova Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanmasından danışıb, bu ideyanın yayılması, təbliği istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Hazırda Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa etdiyini, dövlət bayrağımızın əzəli,əbədi torpaqlarımızda, işğaldan azad edilən ərazilərdə əzəmətlə dalğalandığını vurğulayan Gülnar Rəhimova Qarabağın çox surətli şəkildə bərpa olunduğunu və soydaşlarımızın doğma ata-baba yurdlarına geri döndüyünü qeyd edib.
Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxışında vurğulayıb ki, İcma tərəfindən yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görülür. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, Qərbi azərbaycanlıların hüquqlarını dünya azərbaycanlıları ilə yanaşı, mütərəqqi ölkələrin vətəndaşları da müdafiə edirlər.
Daha sonra Qərbi Azərbaycanəsilli gənclərdən Ayxan Abbaszadə, Məhəmməd Mehdizadə, Mədinə Əzizova və başqaları çıxış edərək öz maraqlı fikir və təkliflərini bildiriblər.
Sonda Abşeron RİH könüllülərinin, eləcə də gənclərin sualları cavablandırılıb, xatirə fotusu çəkdirilib.