"Ukrayna torpaqları hələ də işğal altındadır"-ŞƏRH

Tarix: 19:55 18.04.2025
“ABŞ bu həftə Ukrayna ilə atəşkəslə bağlı Rusiyanın cavabını alacaq".
Bunu ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya son dövrlərdə Ukraynaya hücumlarının sayını artırıb:
"Bunun da ən böyük səbəblərindən biri Rusiya Ukrayna ilə müharibədə onun istədiyi şərtlər daxilində razılaşmalarının olmağında maraqlıdır. Əlavə müzakirələr aparılacaq diskusiyalar Rusiyanın o qədər də marağında deyil. Hər bir halda , Rusiya Donald Trampın bir növ moderatorlığı altında danışıqların aparılmasında maraqlıdır. Atəşkəsin əldə olunmağında və ABŞ-nin yeni administrasiyasının bu prosesdə iştirakında maraqlı olduğunu nümayiş etdirib.
Bir neçə görüş ərzində Rusiya yekun bir razılıq verməyəcək. Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə edilməsi üçün hələ müzakirələr platforması davamlı olacaq. Atəşkəs əldə olunsa, faktiki Ukraynanın ərazi bütövlüyü təhdid olunan formadadır. Ukrayna torpaqları işğal altındadır. Bütün bu faktorlar Rusiya ilə Ukrayna arasında əbədi bir sülh müqaviləsinin və yaxud da anlaşmanın imzalanmasını çətinləşdirir. Bu gün Ukrayna ərazilərinin işğalı fonunda Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə edilməsi, problematikanın dərin olmağından dolayı ortaya çıxır. Rusiya ilə Ukrayna arasında gələcəkdə hər hansısa bir dövrdə yeni toqquşmaların olmaq ehtimallarını gücləndirir".
Politoloq qeyd edib ki, hazırda Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasındakı münasibətlər ziddiyətlidir:
"Ukrayna rəhbərliyinin Amerikanın yeni administrasiyasından ciddi narazılıqları mövcuddur. Bunun əksinə Amerika ilə Rusiya arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir".
Nuray Əliyeva