“Türkiyənin enerji təhlükəsizliyində Azərbaycanın rolu böyükdür "-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:58 18.04.2025

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiqləyib.
Sazişin təsdiqi ilə bağlı məlumat “Resmi Gazete”də yayımlanıb.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, insan həyatında enerjinin əhəmiyyəti durmadan artır:

 

 

"Bu nöqtədə istilikdən nəqliyyata, istehsaldan istehlaka, sənayedən kənd təsərrüfatına, rabitədən işıqlandırmaya qədər həyatın hər sahəsində enerji mövcuddur. Enerjinin bu varlığı bəşəriyyət üçün vazkeçilməz bir nöqtəyə çatır. Enerjinin əhəmiyyəti dövlətlərarası münasibətlərdə özünü göstərir. Xüsusilə strateji resurslara çevrilən neft və təbii qaz dövlətlərin daxili, xarici təhlükəsizlik prioritetlərində və dövlətlərarası münasibətlərdə mühüm gündəm məsələsinə çevrilib. Enerji ehtiyatları ilə zəngin olan və artıq hasilatı başqa dövlətlərə satan ölkələr üçün enerji tələbatının təhlükəsizliyi ön plana çıxır. Bundan əlavə, nəqliyyat marşrutlarının təhlükəsizliyi burada yerləşən ölkələr üçün vacibdir. Bu məsələlər, həm də Türkiyə ilə Azərbaycan arasında enerji təhlükəsizliyi əlaqələrinin əsasını təşkil edir. Enerjinin dövlətlərarası münasibətlərdə silah kimi istifadə edilir. İki ölkə arasındakı münasibətlərin qazan-qazan anlayışı çərçivəsində dəyərləndirilməsi vacibdir".

 

Politoloq qeyd edib ki, enerji təminatının təhlükəsizliyini enerji təhlükəsizliyinin mərkəzinə qoyan Türkiyə enerji ehtiyatları baxımından zəngin ölkə deyil:

 

"Ehtiyac duyduğu enerjini başqa ölkələrdən təmin edir. Türkiyənin enerji resurslarını əldə etdiyi ölkələr arasında Rusiya və İran kimi digər regional güclər də var. Bu ölkələrdən asılı qalmamaq üçün Türkiyə Azərbaycanla münasibətlərinin hər bir istiqamətinə bir millət, iki dövlət yanaşmasını tətbiq etməyə çalışır. Enerji resurslarını həm sərfəli, həm də fasiləsiz olaraq Azərbaycandan əldə etməsi Azərbaycanın Türkiyənin enerji təhlükəsizliyinə verdiyi mühüm töhfədir. Hazırkı razılaşmanı da regional məsələlərdə güc mərkəzinə çevrilmə baxımından olduqca önəmli hesab etmək olar".

 

 


Nuray Əliyeva