Başlıbel faciəsinin ildönümü-Ermənistanın törətdiyi qətliamlar

Tarix: 20:52 18.04.2025
Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib. Bu paylaşımda deyilir ki, 32 il əvvəl 18 aprel 1993-cü ildə Kəlbəcərin erməni silahlı qüvvələrinin işğalı zamanı Başlıbel kəndindən olan 18 Azərbaycan mülki vətəndaşı kəndlərinin talan edilməsindən sonra 18 gün ərzində sığınacaq axtardıqları dağ mağaralarında aşkar edildikdən sonra vəhşicəsinə öldürülüb,14 nəfər girov götürülüb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamların sübutları, faktları və dəlilləri olduğunu vurğulayıb:
"Ermənistan öz mövcudluğu dövründə Azərbaycana qarşı çoxlu sayda qətliam hadisələri törədib və bu qətliam hadisələrinin sübutları, dəlilləri, faktları mövcuddur. Ancaq Ermənistanın törətdiyi qətliamlar beynəlxalq məkanda əsas gündəm mövzusuna çevrilmir. Çünki Ermənistan beynəlxalq məkanda müəyyən dəstəyi olan bir ölkədir. Hətta hesab etmək olar ki, Azərbaycana qarşı Ermənistanın törətdiyi qətliamların əsas səbəblərindən biri də Ermənistanın beynəlxalq himayədarlarının dəstəyinə güvənməsi ilə bağlıdır. Beynəlxalq himayədarları Ermənistanı cəsarətləndirməsəydilər, Ermənistanın Azərbaycanda qətliamlar törətməyə cəsarəti və gücü çatmazdı. Ermənistanın törətdiyi qətliamlara görə həm ermənilər, həm Ermənistan, həm də Ermənistanın beynəlxalq himayədarları birbaşa məsuliyyət daşıyırlar. Bu baxımdan beynalxalq məkanda Ermənistanın törətdiyi bəşəri, hərbi cinayətlərə , qətliam hadisələrinə reaksiyanın olmaması qətiyyən təəccüblü deyil. Ancaq yeni dünya düzəni qurulur və Azərbaycanda ciddi şəkildə güclənir, beynəlxalq məkanda səsi artıq daha yüksəkdən eşidilir. Həmçinin Azərbaycan öz siyasi iradəsini beynəlxalq məkanda gündəmə gətirmək imkanı qazanmaqdadır. Belə şəraitdə isə Azərbaycan dövləti Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bəşəri-hərbi cinayətləri faktlarla, sübutlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və çatdırmağa da davam edəcək. Həmçinin Azərbaycan Ermənistanın törətdiyi cinayətləri faktlarla, sübutlarla beynəlxalq məhkəmələrə də göndərə bilər və beynəlxalq məhkəmələrdə bu araşdırma mövzusuna çevrilə bilər. Hazırda Azərbaycan dövlətinin yürütdüyü siyasət tamamilə doğrudur və Ermənistanın cinayətlərinin beynəlxalq ictimaiyyət qarşısında ifşa olunması prosesi son illərdə dahada intensivləşib. Bu prosesin eyni israrla davam etdirilməsi olduqca vacibdir".
Qəmər Kazımzadə