ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi gömrük rüsumları azaldıla bilər

Tarix: 21:14 18.04.2025
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145% gömrük rüsumları, iqtisadi münasibətlərin gərginləşməsinə səbəb olub, amma bu tariflərin gələcəkdə azaldılması ehtimalı mövcuddur. Çin və ABŞ arasında davam edən danışıqlar, tərəflərin qarşılıqlı ticarət şəraitini yaxşılaşdırmağa yönəlib və bu, tariflərin azaldılması ilə nəticələnə bilər. Tariflərin artırılması ehtimalı isə, hər iki ölkənin iqtisadiyyatı üzərində yaratdığı mənfi təsirlərdən ötəri, daha azdır.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika prezidentinin dünyanın 180 ölkəsində tətbiq etdiyi tariflər, təbii ki, dünya iqtisadiyyatına mənfi təsir etdiyi kimi, Amerikanın da iqtisadiyyatına mənfi təsirləri də şübhəsizdir:
"Bu, inflyasiyanı körükləyən məsələlərdən biridir və Amerikanın özündə də bununla bağlı ciddi fikir ayrılıqları var. O ki, qaldı Çinə tətbiq olunan rüsumlar, əlbəttə ki, 145%-lik rüsum, bu, olduqca ciddi bir rəqəmdir və nəzərə alsaq ki, Çin də buna qarşılıqlı tarif artırılması ilə cavab verir bu da faktiki olaraq iki ölkə arasında ticarət savaşının aparılmasına gətirib çıxarır. Dünyanın nəhəng iqtisadi gücünün bu cür qarşı durması, şübhəsiz ki, dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək".
Politoloq həmçinin bildirib ki, Trampın həmin tariflərin azaldılması ilə bağlı fikir yürütməsi, Trampın siyasətində xarakterik bir haldır.
"Belə ki, o, dünyanın bir çox ölkələrinə məhz yüksək tariflər tətbiq etdikdən sonra həmin tərəflərlə masaya oturaraq öz şərtlərini diktə etməyə çalışır və onu müəyyən qədər azaldılması ilə bağlı qərarlar da verir. Dünən də biz bunun bir nümunəsini İtaliya Baş Naziri ilə gördük. Belə ki, Tramp bəyan etdi ki, Avropa İttifaqı ilə yaxın 90 gün ərzində hər iki tərəfin maraqlarına uyğun anlaşma imzalana bilər. Yəni, bu baxımdan Çin də qeyd etdiyimiz kimi Amerikanın bu tədbirlərinə hazırlıqlı idi və adekvat cavablar verib. O baxımdan hər iki tərəf bir-biri ilə yəqin ki, ümumi müzakirələr aparacaqlar və Trampın məhz Çinlə masaya oturduqdan sonra öz qərarına yenidən baxma ehtimalı var".
Güllər Gülhüseynova