Rusiya, Ermənistan və Türkiyə arasında yaxınlaşmanı dəstəkləyir

Tarix: 21:18 18.04.2025
Rusiya Xarici İşlər Nazirliyi, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə dair münasibət bildirib.
Nazirliyin yaydığı məlumata görə, Rusiya tərəfi Ankara ilə İrəvan arasında dialoqu alqışlayır və bu prosesə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan parlamentinin sədr müavini, xüsusi nümayəndə Ruben Rubinyanla telefon danışığı zamanı bildirib:
"Rusiya tərəfi Ermənistan və Türkiyə arasında ortaq məxrəc axtarışına dəstək verməyə və bu prosesi asanlaşdırmağa hazır olduğunu bir daha təsdiqləyib", – deyə Rusiya XİN-in açıqlamasında qeyd olunub.
Tərəflər, həmçinin Cənubi Qafqazda əməkdaşlığın təşviqi məqsədilə nəzərdə tutulan "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.
Mənbə: Caliber
Aytən Ağazadə