ABŞ son 1 ayda Yəmənə 900dən çox hava zərbəsi endirib

Bölmə: Siyasət › ,
Tarix: 21:19 18.04.2025

 

ABŞ son bir ay ərzində Yəmənə 900-dən çox hava zərbəsi endirib ki, bu da bölgədə gərginliyin daha da artmasına səbəb olub. Hava əməliyyatları əsasən İran tərəfindən dəstəklənən Husi hədəflərinə yönəlib və Vaşinqton bu zərbələri regional təhlükəsizliyi təmin etmək məqsədilə həyata keçirdiyini bildirir. Ekspertlər bu hücumların həm də İranla danışıqlar öncəsi təzyiq vasitəsi olduğunu qeyd edirlər.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-də hakimiyyətdə olan Demokratlar və Respublikaçılar – Co Bayden və Prezident Donald Tramp – qlobal siyasətdə uğurlu olmaq üçün müxtəlif strategiyalar izləyirlər:

 

"Donald Tramp prezidentliyi dövründə Yəməndə fəaliyyət göstərən bəzi silahlı qrupları terror təşkilatları siyahısına daxil etmişdi. Onun Yaxın Şərq siyasəti çərçivəsində İsrail və Səudiyyə Ərəbistanı ABŞ-nin əsas strateji müttəfiqləri kimi tanınmış, bu çərçivədə Səudiyyə Ərəbistanı ilə 150 milyard dollarlıq silah müqaviləsi imzalanmışdı.Trampın İsraillə münasibətləri hər zaman isti olub".

 

Politoloq həmçinin bildirib ki, Trampın ikinci dəfə seçilmək niyyəti fonunda onun əsas hədəflərindən biri dünyada neftin qiymətini aşağı salmaqdır. Bu məqsədlə İranla yeni bir anlaşma əldə etmək səyləri də mümkündür:

 

"Tanker hücumları və bölgədə gərginliklər neft qiymətlərinin artmasına səbəb olur. Tramp isə bu qiymətləri aşağı salmaq üçün İranla müəyyən razılaşmalara getməyi planlaşdırır. Husilər İran tərəfindən dəstəklənən proksi qüvvələrdir və ABŞ tərəfindən onlara qarşı həyata keçirilən zərbələr həm də İranı danışıqlara cəlb etməyə yönəlib. ABŞ tərəfindən həmin əraziyə qoşun yeridilməsi və ya quru əməliyyatlarının aparılması gözlənilmir. Əməliyyatlar yalnız aviasiya və uzaqmənzilli raketlərlə həyata keçirilə bilər".

 

Güllər Gülhüseynova