ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib

Bölmə: Siyasət › ,
Tarix: 21:23 18.04.2025

 

ABŞ Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edə biləcəyi güman olunan Çin, Malayziya və Tailandın yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, artıq qlobal sistemin bir çox aktorları ABŞ tərəfindən qəbul edilən yeni tariflər və sanksiyalara münasibətdə narazılıqlarını ifadə etməyə başlayıb:

 

“Diqqət ediriksə artıq bu addımlar konkret bir qütbü hədəf almadan çox istiqamətli xarakter almağa başlayıb. Bu da dünya ağalığı iddiasının təzahürləri olaraq ifadə edilə bilər. Təbii ki, belə olan halda həm ayrı-ayrı aktorların, həm də qlobal institutların müəyyən cavab tədbirlərini müşahidə etmək mümkündür. Amma bu cavabların bir çox hallarda yetərli olmadığını aydın şəkildə müşahidə etmək mümkündür. Xüsusilə də, İrana münasibətdə tətbiq edilən sanksiyaların əhatə dairəsinin mütəmadi olaraq genişləndirilməsi və Çin, Malayziya və İndoneziya kimi ölkələrin yük gəmilərinə sahib olan şirkətlərə də şamil edilməsi indiki mərhələdə qlobal iqtisadi münasibətlərdə ciddi böhrana səbəb olacaq bədbin ehtimalları yenidən gündəmə gətirən olur. Həmçinin bu qəbildən olan sanksiyaların ABŞ-nin bu dövlətlərlə ikitərəfli əlaqələrinə mənfi təsirlərini də istisna etmir”.

 

Asiman Vəliyeva