Paşinyan:Ermənistan Konstitusiyasında Qarabağa İstinad Olmamalıdır -Bakıdan sərt reaksiya

Tarix: 21:26 18.04.2025
Nikol Paşinyan ilk dəfə açıq şəkildə bildirib ki, Ermənistanın yeni konstitusiyasında 1990-cı il müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Çünki həmin bəyannamə 1989-cu ildə Sovet Ermənistanı və Dağlıq Qarabağın qanunvericilik orqanları tərəfindən qəbul edilmiş birləşmə aktına istinad edir. Yeni Azərbaycanı narahat edən maddələr yeni konstitusiyadan çıxarılmalıdır. Bu barədə “Azadlıq” radiosunun ingilisdilli bölümü xəbər yayıb. Bu isə o deməkdir ki, nəzəri baxımdan 13–14 ay sonra bu problem aradan qaldırıla bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Azərbaycan bu günə qədər öz mövqeyində zərrə qədər dəyişiklik etməyib, bundan sonra da etməyəcək:
"Azərbaycanın əsas prinsipial və qətiyyətli tələblərindən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu “Müstəqillik haqqında” bəyənnaməyə istinadın götürülməsi ilə bağlıdır. Yəni, Ermənistan konstisional əsasda Azərbaycana qarşı ərazi iddialarında əl çəkməlidir. Təbii ki, Azərbaycan bununla paralel olaraq, Ermənistanla birlikdə ATƏT-in Minsk qrupunun ləğv olunması tələbini də ortaya qoyub. Biz Ermənistanla 2-ci Qarabağ müharibəsindən sonra bizim təşəbbüsümüzlə ortaya qoyulan sülh sazişinin mətnini tam razılaşdırsaq da bu sənəd imzalanmır. Çünki Azərbaycanın tələbləri tam yerinə yetirilmir. Bu tələblər də sülh üçün olan tələblərdir. Söhbət təbii ki, real, dayanıqlı sülhdən gedir. Ermənistan tərəfi zaman-zaman fərqli fikirlər söyləyərək bu prosesi uzadır. Bir neçə gün bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda sülh sazişi imzalandıqdan 10 dəqiqə sonra ATƏT-in Minsk qrupu ilə bağlı sənədi imzalaya biləcəklərini dilə gətirib. Təbii ki, Azərbaycanın burada mövqeyi bəllidir. Ermənistan heç bir halda Azərbaycana şərt qoya bilməz. Sənədlərin imzalanmasının bir-birindən asılı vəziyyətə salınması doğru deyil. Daha sonra Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı eyni sözləri dedi. Paşinyan yenə də kəlimə oyunu ilə məşğuldur. Azərbaycan bu günə qədər öz mövqeyində zərrə qədər dəyişiklik etməyib, bundan sonra da etməyəcək".
Siyasi şərhçi Paşinyanın səsləndirdiyi fikirləri belə şərh edib:
Biz indi dünyada elə bir məqamda yaşayırıq ki, siyasi liderlərin bu gün və ya 1 saat öncə səsləndirdiyi fikirlərin tam ziddinin şahidi oluruq. Artıq bu bizim üçün təbiidir. Xüsusilə də, Ermənistan baş nazirinin ziddiyyətli fikirlər səsləndirdiyini nəzərə alsaq, sabah bu fikrin əksinin səslənməyəcəyinə heç kim qaranti verə bilməz. Bu baxımdan, mən düşünürəm ki, biz Ermənistanın bu sözlərinə inanmırıq. Ermənistan artıq real addımlara keçməlidir. Absurd fikirlər səsləndirən Ermənistan baş nazirinin bu gün belə çıxışları ziddiyyəti özündə göstərir. Ermənistan tərəfi bəhanələrdən çəkinməli və əməli addımlar atmalıdır. Ermənistanın konstitusiyasında dəyişiklik etmək üçün müharibədən keçən 5 ili gözləmək lazım deyildi. Ermənistan hökuməti xalq arasında bu fikirləri yayaraq, konstitusiyaya gedən yolu izləməli və vaxt itirməməli idi.
Günel Verdiyeva