Macarıstan şirkətləri Azərbaycanda bərpa işləri həyata keçirəcək

Bölmə: Siyasət › ,
Tarix: 21:37 18.04.2025

 

Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə qatılacaq. Bu əməkdaşlıq çərçivəsində infrastrukturun qurulması, enerji layihələri və şəhərsalma sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Tərəflər bu istiqamətdə artıq ilkin razılaşmalara da imza atıblar.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Viktor Orbanın hakimiyyətə gəlişi bu münasibətlərdə dönüş nöqtəsi oldu və ümumiyyətlə, Orbanın Macarıstan hakimiyyətində olması iki ölkə arasında yaxınlaşmanı gücləndirdi:

 

"Macarıstan xalqının əksəriyyəti onun liderliyini qəbul edir və mən Orbanı kiçik "Ərdoğan" adlandırardım.O da Ərdoğan kimi səlahiyyətlərini genişləndirib və malik olduğu siyasi güc baxımından seçkilərdə dəfələrlə qalib gələn bir liderdir.Macarıstan, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir və bu, onun türk dünyası ilə əlaqələrinin bir göstəricisidir".

 

Politoloq bunu da qeyd edib ki, Orban və Ərdoğan hakimiyyətlərinin bir-birinə bənzərliyi Azərbaycanla münasibətlərdə də əks olunur:

 

"Bu, Macarıstanın Qarabağda rol alma ehtimalını artırır və nəticədə Azərbaycan-Macarıstan münasibətlərinin daha da yaxınlaşmasına, eləcə də beynəlxalq arenada iki ölkənin bir-birinə dəstək verməsinə səbəb ola bilər. Necə deyərlər, hər iki tərəf üçün faydalı olan, qarşılıqlı münasibətlər formalaşıb.Sabah Macarıstan qaz və neftlə bağlı çətinliklə üzləşərsə, yəqin ki, bu məsələdə Azərbaycandan dəstək almağa çalışacaq.Azərbaycanın qazı və nefti Macarıstana da ixrac edilə bilər, yəni Macarıstan enerji təminatında Azərbaycanla əməkdaşlıq edə bilər.Ona görə də iki ölkə arasında münasibətlərin yaxınlaşması və dərinləşməsi hər iki tərəfin maraqlarına xidmət edir".

 

Güllər Gülhüseynova