ABŞ-İran razılaşması-Rusiya vasitəçi ola bilərmi?

Bölmə: Siyasət › ,
Tarix: 22:22 18.04.2025

Moskva nüvə sazişi üzrə Vaşinqton və Tehran arasında mümkün razılaşmaları asanlaşdırmağa hazırdır, bir şərtlə ki, bu cür razılaşmalar hər iki tərəf üçün məqbul olsun və İranın qanuni maraqları nəzərə alınsın.

 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Araqçı ilə danışıqların yekununda bildirib.

 

Məsələ ilə bağlı politoloq Oktay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, Rusiya İranın zəifləməsində maraqlı deyil, əksinə ona daha da yaxın olmaqda maraqlıdır:

 

“Amerika və İran arasında Rusiyanın vasitəçilik məsələsi yeni bir mövzudur. Bir müddət əvvəl yayılan məlumatlara əsasən, Donald Tramp ilə Vladimir Putin arasında keçirilən telefon danışığı zamanı bu məsələ müzakirə olunub və Tramp da Rusiyanın vasitəçi rolunu oynamasına razılıq verib. Sadəcə olaraq, Rusiya açıq vasitəçi deyil, daha çox pərdəarxası vasitəçidir.

 

Rusiyanın bu prosesdə iştirakında iki əsas məqsəd var. Birincisi, beynəlxalq nüfuzunu artırmaq və dünyada əsas güclərdən biri olduğunu nümayiş etdirməkdir. İkincisi isə Rusiya–İran münasibətlərinin inkişafı və İranın qorunmasıdır. Çünki Rusiya İranın zəifləməsində yox, onun regional güc olaraq ayaqda qalmasında maraqlıdır. Belə olduqda həm Rusiyanın nüfuzu artacaq, həm də maraqlarının bir hissəsi təmin olunmuş olacaq. Eyni zamanda, Rusiyanın İran üzərində təsiri də müəyyən qədər güclənəcək.

 

Bu danışıqların necə yekunlaşacağını təxmin etmək çətindir. Hələlik tərəflər prosesin gedişindən razıdırlar. Növbəti görüş Romada baş tutacaq. Lakin yekun razılaşmaya nail olmaq asan olmayacaq. Çünki İran öz maraqlarını qorumaq üçün müəyyən güzəştlər almağa çalışacaq. Amerikanın isə konkret tələbləri var.

 

Birinci şərt — İranın nüvə proqramından imtina etməsidir. İkinci şərt isə — regionda fəaliyyət göstərən proksi qüvvələri dəstəkləməkdən əl çəkməsidir. Məhz bu məqsədlə ABŞ bütün təzyiq mexanizmlərini işə salıb. Yaxın və Orta Şərqlə yanaşı, Hind okeanındakı hərbi bazalara Amerika qüvvələri cəmləşdirilir və mümkün əməliyyatlara hazırlıq aparılır. Tramp öz çıxışında bildirib ki, İrana qarşı hərbi əməliyyatlardan imtina etməyib. Bu isə İran üzərinə təzyiq vasitəsidir ki, ABŞ-nin irəli sürdüyü təklifləri qəbul etsin.

Bir neçə raunddan sonra müəyyən razılaşma əldə olunacaq və İran Amerikanın bir neçə şərtini qəbul edərək vəziyyəti yumşaltmağa çalışacaq".

 

Fatimə Şahverdiyeva