Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında ABŞ-nin dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb.

Tarix: 22:54 18.04.2025
Qeyd edilir ki, diskussiyalar əsasən Rusiya-Ukrayna münaqişəsinə son qoymağa yönəlik dinc nizamlanma üzrə danışıqlarla bağlı olub.
Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Avropa İttifaqı ilə ABŞ arasındakı tarifləri də müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Kazım Kazımov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-nin və bügunki Avropanın fikirlərində müəyyən ziddiyətlər var.
"Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-nin və bugünkü Avropanın fikirlərində müəyyən ziddiyyətlər var. ABŞ-nin yeni adminstrasiyası hesab edir ki, müharibə tez bir zamanda sona çatmalıdır. Lakin Avropa belə düşünmür. Öncəliklə, Avropanın Rusiya ilə bağlı müəyyən düşüncələri var. Avropa da bir çox ölkələr o cümlədən, Fransa da hesab edir ki, bu gün Rusiya artıq Avropa üçün yenidən təhdid halına gəlib. Sovet İttifaqını əvvəllər belə görürdülər. İndi də Rusiyanı belə görməyə başlayıblar. Ona görə də, sadəcə vəziyyətin belə yerdə qaldığı atəşkəs istəmirlər. Əvəzində isə Ukraynanın bir daha hücuma məruz qalmayacağı, Ukraynaya daha yaxşı şərtlərin veriləcəyi bir atəşkəs istəyirlər. Onlar hesab edirlər ki, əgər bu proses tam ədalətli şəkildə həll edilməsə, gələcəkdə yeni müharibələr də olacaqdır. O cümlədən, Maldova, Batikan ölkələri üzərinə də cəhdlərin olduğunu düşünürlər. Son dövrlər də Avropa liderlərinin açıqlamaları, silahlanmanın yenidən Avropa ölkələrində artması bunun bariz nümunəsidir. Bu ziddiyətlər də, Avropa və ABŞ arasında açıq şəkildə görünür. Donald Trampla Emmanuel Makronun və ya Donald Trampla digər Avropa liderləri arasında fərqli açıqlamaları görürük. Lakin məsələ budur ki, Avropa və yaxud Fransanın özü bu məsələdə hər hansı şərti diqtə etmək gücündədirmi? Mən hesab edirəm ki, Avropa İttifaqının ABŞ-yə nələri isə qəbul etdirmək imkanı var. Lakin təkcə Fransanın özünün belə bir siyasi nüfuzu, Emmanuel Makronun belə diplomatik çəkisi yoxdur. Bunun üçün də, Fransa dövləti bura da daha çox ön plana çıxmaq əvəzinə, İngiltərə, Almaniya, İtaliya, İspaniya Polşa və digər Avropa ölkələrinin kollektiv hərəkət etmələrinə daha çox imkan verməlidir".
Səmayə Səftərova