Premyer Liqada 31-ci tur

Tarix: 21:59 21.04.2025
"Zirənin bu mövsümdəki çıxışı, sərgilədiyi futbol ən xoş sözlərə layiqdir. Rəşad Sadıqov işlədiyi ildən bəri ən yaxşı komandanı indi formalaşdırıb. Bu komanda həqiqətən çox yaxşı səviyyədədir, çox iddialıdır, şübhəsiz ki, Azərbaycan çempionatında "Qarabağ" ilə bərabər mövsümün ən yaxşı komandası “Zirə”dir, çünki komanda 2-ci yeri tutmağa çox yaxındır”.
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, riyazi cəhətdən bəlkə də "Araz", "Naxçıvan" ona çata bilər, ancaq hamımız inanırıq ki, “Zirə” imkan verməz ki 2-ci yerə başqa biri keçsin:
“Komandanın qol vurma sayına baxsaq, “Qarabağ”dan sonra ən gözəçarpan komandadır. Komandada müasir futbol inkişaf edib, oyun zamanı itirilən hər top üçün yenidən qazanmaqla vəziyyəti stabilləşdirmək düşünülür. Bundan başqa, komandanın cinahlarda hücumu güclüdür, mərkəzdə hücum quruludur. Deyərdim ki, komandada rəngarənglik var, müasir futbol tendensiyalarını özündə əks etdirir”.
Müsahibimizin sözlərinə görə, əgər ötən ilki kimi Avropada mübarizəyə, Avropa Liqasında başlasa, hətta bu komanda konfrasliqasında qrupa düşə bilər:
“Çünki Avropa Liqasında bir məğlubiyyət şansın olur, və konfransliqaya düşürsən, yəni, Avrokuboklar davam edir. Bunun üçün “Zirə” yəqin ki, "Qarabağ"ın kubokda qalib gəlməsini çox arzulayır, çünki qalib gəlsə 2-ci yerin sahibi Avropa Liqasına gedəcək".
Zəhra Möhübbətova