Bəzi çaylarda sululuq artıb

Tarix: 21:59 21.04.2025
Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Oxçuçay-Bürünlüdə 7 sm, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 sm artım qeydə alınıb. Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm, Kür-Salyanda 10 sm, Kür-Bankədə 5 sm artıb.
Bu məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli "İnformator.az"a açıqlamasında bildirib ki, son illər yağıntıların az olması, dağlardakı buzlaqların kiçilməsi və qışda qar olmaması səbəbindən bahar fəslində su axını özünü ciddi şəkildə göstərmir:
"Hazırda ilimizin bahar fəslidir. Bahar fəsli dağlarda olan qarların əridiyi vaxtdır. May ayına doğru irəlilədikcə qarlar əriyir və çaylarda su axını başlayır. Su səviyyəsinin artması normal haldır. Amma Kür çayı daşacaq səviyyədə deyil. Buna görə də biz əvvəlcədən ehtiyat tədbirlərimizi almalıyıq. Bir neçə il əvvəl Kür daşqını nəticəsində insanlara ziyan dəydi. Hətta torpaqlarımız şoranlaşdı, qrunt sularının səviyyəsi artdı. Son illər yağıntıların az olması, dağlardakı buzlaqların kiçilməsi və qışda qar olmaması səbəbindən bahar vaxtı su axını özünü ciddi şəkildə göstərmir. Bunda qorxmağa əhəmiyyət verən heç nə yoxdur. Çayın aşağı axarında Səlyan və Neftçala zonasında müəyyən hazırlıqlar görülməlidir. Çox təhlükəli daşqın olan çaylarımız var. Şəki bölgəsində olan Kiş çayı hər zaman ciddi şəkildə problemlər yaradan çaydır. Son illər dağlarda qarın az olması səbəbindən bu çaylar öz daşqınları ilə insanları qorxudur. Amma narahat olacaq ciddi problem yoxdur. İqlim dəyişikliyinin su axınında rolu var. Hazırda isə su axını müşahidə olunmur".
Xədicə Məhərrəmli