Premyer Liqada 33-cü tur

Tarix: 21:45 02.05.2025
“ Premyer Liqada son illərdə "Qarabağ" və digərləri" fikrini səsləndiririk. Çox ciddi səviyyə fərqinin olduğu ortadadır. "Qarabağ" son illərdə qazandığı çempionluqlarla bunu nümayiş elətdirməkdədir. Hazırda çempionatda 3-cü və 4-cü yer uğrunda gərgin mübarizə gedir".
Bu sözləri CBC Sport kanalının və SportinfoTV-nin aparıcı eksperti Elçin Cəfərov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, bu gün əsas diqqət "Zirə"-"Turan-Tovuz" matçında olacaq:
" "Turan-Tovuz" qələbə qazandığı təqdirdə "Araz"-"Naxçıvan"ın da xal itirəcəyinə ümid edərək 3-cü pillə uğrunda son turlara qədər iddiasını davam etdirə bilər. Ona görə də bu gün "Zirə"ni məğlub etməlidir. O da çox yaxşı vəziyyətdədir. "Qarabağ"dan sonra ən stabil, taktiki-texniki olaraq çox mükəmməl səviyyədə olan klubdur. Yəni Rəşad Sadıqov arzuladığı səviyyə oyununu "Zirə"yə oynatmaqdadır. Bu baxımdan "Turan-Tovuz"un da enişli-yoxuşlu qrafikası var. Bu matçda da ənənəvi Qurban Verdiyev taktikası görə bilərik. Yəni topu "Zirə"yə verib, topsuz oyunda üstünlüyü verib, uzun ötürmələrlə yaranan boş zonalardan təhlükəli epizodlar yaratmaq taktikası oynanıla bilər".
Müsahibimizin sözlərinə görə, bu baxımdan maraqlı bir qarşılaşma bizi gözləyir:
"Digər qarşılaşmada "Araz", "Sabah" və "Naxçıvan" matçı da çox önəmlidir. Çox diqqət çəkəcək olan matçda “Naxçıvan” və “Araz” 3-cü pillədə möhkəmlənmək üçün mübarizə olacaq. Burada mütləq şəkildə qələbə süfrəsilə çıxmalıdır. Oyun çətin olacaq. Ancaq "Sabah" hazırda bütün diqqəti ölkə kubokuna yönəldib. Bu səbəbdən "Araz", "Naxçıvan"ın işininin çətin olacağını düşünmürəm. "Neftçi"-"Kəpəz" matçına gəlsək, "Neftçi" demək olar ki, ümidini itirib, növbəti mövsümdə də Avrokubokda onu görə bilməyəcəyik. Klubda qeyri-stabillik davam edir. Komandada "Neftçi" adına daşıya biləcək oyunçular çox azdı. "Neftçi" məşhur mahnı sözlərində deyildiyi kimi "sil baştan" edib, yenidən başlamalıdır. Bu isə çox ciddi əmək və vaxt aparacaq. Nə qədər qəribə səslənsə də, matçda "Kəpəz"in favorit olacağını deyə bilərəm. Son olaraq "Sumqayıt" və "Qarabağ" matçı haqda danışsaq, Vaqif Cavadov "Sumqayıt"a gəldiyindən bəri komanda heç də pis təsir bağışlamır. Sadəcə onun əlində yetəri qədər xammal yoxdur. Oyun istədiyi oyunçu olacağı təqdirdə biz yeni mövsüm klubunu çox fərqli formada izləyə biləcəyik. Bunun üçün ona mütləq şans və imkan tanınmalıdır".
Zəhra Möhübbətova