Hindistanla Böyük Britaniya arasında tarixi ticarət razılaşması imzalanıb

Tarix: 10:44 07.05.2025
Hindistan və Böyük Britaniya yeni ticarət sazişi imzalayıb. Böyük Britaniya hökumətinin “tarixi” adlandırdığı bu razılaşma iki ölkə arasında tariflərin azaldılması və ləğvini nəzərdə tutur. Saziş ABŞ prezidenti Donald Trampın idxal vergilərini rekord səviyyəyə qaldırdığı bir vaxtda reallaşıb.
ABŞ administrasiyası son həftələr ərzində Hindistan da daxil olmaqla bir neçə ölkə ilə razılaşma əldə etməyə yaxın olduğunu bəyan etsə də, hələlik Vaşinqton heç bir nəticəyə nail ola bilməyib. ABŞ-dan fərqli olaraq, Böyük Britaniya Hindistanla razılıq əldə edən ilk ölkə olub.
Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin yaydığı məlumata görə, bu razılaşma Birləşmiş Krallığın Avropa İttifaqından ayrıldıqdan sonra əldə etdiyi “ən böyük və iqtisadi baxımdan ən əhəmiyyətli ikitərəfli ticarət sazişi” sayılır.
Sazişin nəticəsi olaraq, iki ölkə arasında ticarət həcminin uzunmüddətli perspektivdə illik 25,5 milyard funt sterlinq (34,1 milyard ABŞ dolları) artacağı gözlənilir. Bu isə 2024-cü illə müqayisədə 60 faiz artım deməkdir.
Razılaşmaya əsasən, Hindistan Böyük Britaniyadan idxal edilən viski, tibbi avadanlıq, yüksək texnoloji maşınlar və qoyun əti kimi məhsullara tətbiq olunan tarifləri azaldacaq. Əksər tariflərin isə növbəti on il ərzində tamamilə ləğv ediləcəyi bildirilib.
Böyük Britaniya da öz növbəsində Hindistandan gətirilən mallara tətbiq olunan rüsumların azaldılacağını açıqlasa da, konkret detallar hələlik açıqlanmayıb.
Ticarət departamentinin məlumatına əsasən, bu dəyişikliklər nəticəsində Britaniya bazarında paltar, ayaqqabı və dondurulmuş karides də daxil olmaqla müxtəlif ərzaq məhsullarının qiymətlərində ucuzlaşma və məhsul çeşidlərində artım gözlənilir.Tramp administrasiyası isə bəyan edib ki, Hindistan, Yaponiya və Cənubi Koreya ilə ticarət sazişləri yaxın gələcəkdə imzalana bilər. Lakin vaxt getdikcə daralır: ABŞ-ın qarşılıqlı tarifləri iyulun 8-dən qüvvəyə minəcək və onlarla ölkəyə 50%-ə qədər vergi tətbiq olunacaq. Bu isə razılaşmaların vaxtında baş tutmaması halında, həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün ciddi risklər yarada bilər.
Qeyd edək ki, bu, Böyük Britaniyanın Asiya ölkəsi ilə ilk iri ticarət razılaşması deyil. 2020-ci ildə Avropa İttifaqından ayrıldıqdan sonra Britaniya Yaponiya ilə də saziş imzalamış və bu razılaşmanın ticarət dövriyyəsini 15,2 milyard funt sterlinq (20,3 milyard ABŞ dolları) artıracağı proqnozlaşdırılmışdı.
Razılaşma ilə bağlı danışan Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib:
“Biz ticarət və iqtisadiyyat üçün yeni dövrə qədəm qoyuruq. Dünyadakı iqtisadi tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və ticarət maneələrini azaltmaq daxili iqtisadiyyatı gücləndirmək planımızın bir hissəsidir".
Böyük Britaniya Direktorlar İnstitutunun ticarət üzrə siyasət müşaviri Emma Rouland isə bildirib:
“Son dövrlərdə artan ticarət münaqişələri və ABŞ-ın tarif siyasəti fonunda, azad və açıq ticarəti təşviq edən yeni tərəfdaşlıqlar müsbət qarşılanmalıdır. Hindistanla əldə edilən bu saziş Britaniya üçün əhəmiyyətlidir – bu, həm ticarət maneələrini aradan qaldırır, həm də Britaniya şirkətlərinin dördüncü ən böyük dünya iqtisadiyyatı ilə əməkdaşlığını asanlaşdırır".
Mənbə: CNN
Tərcümə etdi: Türkan Kərimli