Pakistan və Hindistan arasında artan gərginlik-Politiloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:35 07.05.2025

Pakistan hökuməti BMT Təhlükəsizlik Şurasını Hindistan Hərbi Hava Qüvvələrinin zərbələrinə cavab vermək hüququ barədə məlumatlandırıb.

Bu barədə "Reuters" agentliyi məlumat verib.
Pakistan Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, İslam Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinin müddəalarından istifadə etmək və təcavüz aktına "istənilən vaxt və istənilən yerdə" cavab vermək hüququ var.

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açqılmasında bildirib ki, Pakistanın BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən vurğulaması, Hindistanı hücum edən tərəf kimi göstərməliyik:


“Burada Pakistan Beynəlxalq xidmətlərə mesaj verir ki, Hindistanın bütün cavablarına adekvat cavab vermək hüququna malikdir. Məsuliyyət onun üzərində deyil. Əslində Pakistan bu məsələdə haqlıdır. Vəziyyətin bu yerə gəlib çıxmasının əsas günahkarı Hindistandır. Hadisələr Hindistanın nəzarətində olan Kəşmir ərazisində terror hadisəsinin baş verməsindən sonra başladı. Belə terror aktları zaman-zaman olur. Amma bu məsələ bir qədər fərqlidir. Çünki terror aktı baş verəndən dərhal sonra Hindistan Pakistanı günahlandırmağa başladı. Halbuki, məsələ araşdırmalı idi. Pakistan məsələnin araşdırılması üzərində dayanıb. Amma Hindistan bu məsələyə getmədən dərhal Pakistanı cəzalandırdı. Pakistana qarşı siyasi, iqtisadi, xüsusən də diplomatik addım atmağa başladı. Digər tərəfdən əsas nəzarət Hindistanda olduğu halda silahlı şəxslərin rahat şəkildə turistlərə hücum etməsi sual doğurur. Prosesdə şübhəli məqamlar var. Hindistanın burada məqsədləri var. Prosesin əsas kökündə Kəşmir münaqişəsi dayanır. Hindistanın əsas məqsədi Kəşmirdə nəzarəti ələ götürməkdir. Terror aktında Pakistanı günahlandıraraq istifadə etmək istəyir. Məsələnin gərginləşməsində maraqlı tərəf Hindistandır. Əsas niyyət mövcud şərtlərdən istifadə etməkdir”.


Politoloq qeyd edib ki, Trampın dövründə Hindistan Pakistana qarşı belə addımlar atıb və Kəşmir məsələsini qızışdırıb:


“Bundan öncə ən böyük konflikt 2019-cu ildə baş verib. Həmin ildə də Trampın hakimiyyəti dövrü idi. Hindistan Amerikanın dəstəyinə ümid edərək belə addım atdı. Burada əsas məqam Amerikanın Çinə qarşı olan strategiyasıdır. Amerika Çinə qarşı mübarizədə Hindistanla əməkdaşlıq etmək niyyətindədi. Hindistan da situasiyadan istifadə edərək Çinin əsas tərəfdaşı olan Pakistanı Amerikanın dəstəyi ilə sıxmaq istəyir. Kəşmir məsələsində önə çıxmaq niyyətindədir. Sözsüz ki, burada Amerikanın da maraqları var. Çinin sərhədləri yaxınlığında münaqişənin olması, Amerikaya sərf edir. Digər tərəfdən Çinin " Bir kəmər, bir yol" layihəsi üzərindən toqquşma nöqtələrinin olması deməkdir. Bu da layihənin perspektinə ziyan vurur. Hindistan və Pakistan toqquşması, Çinin əsas liderlərindən biri olduğu Şanxay Əməkdaşlıq Təşkilatına ziyan vurur. Bu faktiki olaraq Amerikanın maraqlarına uyğun görünür. Hindistan da bu prosesdə Tramp administrasiyasının siyasətini izləyir.
Bu toqquşmalar zaman-zaman davam edəcək. Daha böyük müharibə olmasına heç bir tərəf, o cümlədən beynəlxalq ictimaiyyət də maraqlı deyil. Çünki hər iki ölkə nüvə ölkəsidir. Toqquşmaların baş verməsi, hadisələrin nəzarətdən çıxması riskini yaradır. Yaranan bu vəziyyət stabilləşəcək. Amma bu Kəşmir məsələsinin həlli demək deyil”.



Əminə Əliyeva